SON XƏBƏRLƏR

Fəaliyyəti Azərbaycan Milli Hərəkatına qarşı yönələn Ettelaat-a bağlı “AnaXəbər” saytı ilə kimlər əməkdaşlıq edir?

2021.10.20, 07:36
Fəaliyyəti Azərbaycan Milli Hərəkatına qarşı yönələn Ettelaat-a bağlı “AnaXəbər” saytı ilə kimlər əməkdaşlıq edir?

Gunaz.tv

GünAz TV: İran İslam Cümhuriyyətinin Ettelaat Nazirliyi ilə işbirliyində olduğu görünən “AnaXəbər” saytı Azərbaycan Milli Hərəkatının tanınmış fəalları və təsiredici müxtəlif qruplarına qarşı yalan və böhtanla dolu məlumat yaymaqdadır.


Bu saytda dərc olunan yazılarda Azərbaycan Milli Hərəkatının başbilənləri, onların ailə üzvləri və Güney Azərbaycan Televiziyası (GünAz TV) kollektivinin ünvanına müxtəlif söyüşlər, gülünc və əsası olmayan müxtəlif ittihamlar irəli sürülür.


Bu əsassız və pərakəndə məlumatlar Azərbaycan Milli Hərəkatına sırınmış sözdə bəzi fəallardan alınır. Onların arasında təxribatçı “Çətəçilər” bandasının rolu xüsusi olaraq müşahidə olunur. Bu banda hər zaman Azərbaycan Milli Hərəkatı çərçivəsində fəaliyyət göstərən qüvvələr arasında fitnə yaratmaqla məşğul olub.


Etibarlı mənbələrdən əldə olunan məlumata görə, “Çətəçilər” bandasına mənsub olan bəzi təxribatçılar sözügedən saytla sıx əməkdaşlıq edir. Həmin şəxslər virtual aləmdə müxtəlif adlarla hesab açaraq Azərbaycan Milli Hərəkatı, həmçinin Türkiyə və Amerika Birləşmiş Ştatları kimi demokratik dövlətlərin əleyhinə təbliğat aparırlar.


Bundan əlavə, özünü şair və yazıçı adlandıran bir şəxs də həmin bandanın tələsinə düşərək Azərbaycan Milli Hərəkatının xaricdə yaşayan sadiq fəallarının şəxsi həyatı ilə bağlı İran kəşfiyyatına yalan məlumatlar ötürür. “AnaXəbər”-in həmin şəxsi  müdafiə etməsi, onun isə bu saytın hədəfləri istiqamətində internetdə məlumatlar paylaşması, onunla İranın təhlükəsizlik qüvvələri, xüsusi ilə də Ettelaat Nazirliyi və İslam İnqilabı Keşikçilər Korpusunun (“Sepah”) təhlükəsizlik bölümü arasındakı əməkdaşlığı göstərir.


Orta məktəbi bitirməyən, ölkədə yaşarkən Pedaqoji Kollecinin (Daneşsəra) məzunu kimi sözdə müəllim işləyən birisi, Milli Hərəkatda nifaq salmaq məqsədi ilə tapşırıq əsasında təxribat xarakterli yazılar yazmaqdadır. Sözügedən saytda GünAz TV-yə qarşı irəli sürülən gülünc ittihamlar bundan əvvəl saxta müəllim tərəfindən müxtəlif yerlərdə qeyd olunub. Bütün bunlar həmin şəxsin “AnaXəbər” saytı ilə yaxından əməkdaşlıq etdiyini göstərməkdədir.


Bütün bunlar, Milli Hərəkata sırınmış pozğun çətənin sərkərdəsi tərəfindən koordinasiya edilir. Həmin şəxs islam cümhuriyyətinin xeyirinə olaraq çirkli pulların yuyulması məqsədi ilə İrandan Türkiyəyə narkotik maddələr tranzit etməklə məşğuldur. Bu şəxs Azərbaycan Milli Hərəkatına daxil olduğu gündən paralel cərəyanlar yaratmaq, şantaj etmək, yalan şayiə yaymaq və Milli Hərəkatın bütün fəaliyyətlərini öz bandasının xeyirinə olaraq müsadirə etməklə məşğul olub.


İran İslam cümhuriyyətinin Ettelaat Nazirliyi ölkədəki böhranı həll etmək yerinə rejimi süqut etməkdən qurtarmaq üçün bütün üsullara əl atır. Azərbaycan Milli Hərəkatına sırınmış saxta fəallardan istifadə edərək Milli Hərəkatdakı qrup və düşərgələr arasında ixtilaf yaratmaq Ettelaat Nazirliyinin metodlarından biridir. Azərbaycan Milli Hərəkatını zəiflətmək məqsədi ilə onun sadiq fəalları davamlı olaraq Ettelaat əlatılarının təxribatı ilə üzləşir, onlara qarşı müxtəlif böhtan və ittihamlar irəli sürülür.


N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar