SON XƏBƏRLƏR

Fəallar köynəklərinə Abbas Lisaniyə dəstək verən sözlər yazıb etiraz gəzintisini çıxıblar – Ərdəbildə / VİDEO

2021.10.20, 07:36
Fəallar köynəklərinə Abbas Lisaniyə dəstək verən sözlər yazıb etiraz gəzintisini çıxıblar – Ərdəbildə / VİDEO

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Ərdəbil şəhərində bir neçə milli-mədəni fəal hazırda həbsdə olan tanınmış azərbaycanlı fəal Abbas Lisaninin ədalətsiz həbs hökmünü qınamaq məqsədi ilə etiraz gəzintisinə çıxıb.

 

Şəhərin mərkəzi xiyabanlarında gəzən fəallar köynəklərinin üzərinə qrafit texnikası ilə tanınmış fəalın görüntüsünü çəkib, “Abbas Lisani Azərbaycanın səsidir” sözləri yazıblar.

 

Etirazçılar bununla Abbas Lisaninin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə zidd olaraq saxlanılıb və ağır həbs cəzasına məhkum edilməsini pisləyib və bunu şəhər əhalisinə çatdırmağa çalışıblar.

 

Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 9-cü maddəsinə əsasən kimsə özbaşınalıq nəticəsində saxlanılıb, həbs olunub və ya sürgün edilə bilməz.

 

Abbas Lisani yanvarın 15-də məhkəmə iclasına qatılmaq üçün müraciət etdiyi Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsində yoxa çıxmışdır. Sonralar onun təhlükəsizlik və məhkəmə orqanlarının birgə tədbiri ilə Ərdəbilə aparıldığı məlum oldu, o hələ də həmin həbsxanada saxlanılır.

 

Fəalın qanunsuz saxlanmasına etirazlar günü-gündən artıqdan sonra Ərdəbil prokurorunun müavini hazırladığı iddianamədə fəala qarşı əsası olmayan 4 ağır ittiham irəli sürdü. Lakin fəal iddianamədə qeyd olunan bütün itihamlardan bəraət qazandı. Buna baxmayaraq o məhkəmə prosesi zamanı elan olunmayan “ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə qrup yaratmaq” kimi qondarma ittihamla iyulun 8-də Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 8 il həbs və 2 il Yəzd şəhərinə sürgün cəzasına məhkum edildi.

 

Abbas Lisani quraşdırılan son dosyesi ilə bağlı saxlanma, dindirilmə və məhkəmə prosesini Azərbaycanda gedən milli-mədəni hərəkatı radikal göstərməyə yönəlmiş bir ssenarinin davamı olduğunu bildirib.

 

Son 1 ildə azərbaycanlı türk fəallara qarşı təzyiqlər artıb. Bu müddət ərzində onlarla aktivist “dövlət əleyhinə təbliğat” kimi qondarma ittihamlarla həbs edilib.

 

Abbas Iisani uzun illərdir ki, Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda mədəni mübarizə aparır. Şəffaf və dinc mübarizəsi ilə seçilən fəal dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, uzun illər həbs olunub və müxtəlif təzyiqlərə məruz qalıb.

 

https://www.youtube.com/watch?time_continue=20&v=F6t2toGnC1I

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar