SON XƏBƏRLƏR

GAMAC-ın 2006-cı il May hadisələri ilə bağlı Ankarada keçirdiyi konfransdan geniş məlumat

2021.10.20, 07:36
GAMAC-ın 2006-cı il May hadisələri ilə bağlı Ankarada keçirdiyi konfransdan geniş məlumat

Gunaz.tv

GünAz TV: Xəbər verdiyimiz kimi, aprelin 30-da Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC) Ankara Ildırım Bayazıt Universitetinin əməkdaşlığı ilə Güney Azərbaycanda baş verən 2006-cı il May hadisələri (milli qiyam) ilə bağlı konfrans keçirib.

 

Kofransa universitet müəllimi, yazıçı, öyrənci və azərbaycanlı milli-mədəni fəallardan ibarət çox sayda ziyalı qatılıb. Tədbirdə Azərbaycan, Türkiyə və İraq türklərindən başqa Yaponiya, Rusiya, Almaniya, Qazaxıstan və Balkan ölkələrindən olan bir neçə araşdırmaçı alim də iştirak edib.

 

“Güney Azərbaycanda qanlı 22 may və ictimai-siyasi ətkiləri konfransı” mövzusunda keçirilən tədbir Ildırım Bayazıt Universitetinin 15 temmuz konfrans salonunda baş tutub.

 

Konfransda İran rejiminin şovinist siyasəti, Azərbaycan Milli Hərəkatının potesial gücü, Güney Azərbaycanın ictimai-siyasi tarixi və digər mövzular haqda çıxışlar edilib və məqalələr təqdim olunub.

 

Tədbir 2006-cı ilin may ayında Güney Azərbaycanda baş verən milli qiyam haqda sənədli filmin nümayişi və güneyli istedadlı şair Azəryar Danişvərin şeir oxuması ilə başlayıb.

 

Tədbirdə aşağıda adları çəkilən elmi və siyasi şəxsiyyətlər çıxış ediblər:

1-      Prof. Dr. Nəsib Nəsibli (Ankara Universiteti müəllimi)

2-      Prof. Dr. Səlcuq Duman (Girəsun Universiteti müəllimi)

3-      Hikmət Alp (Araşdırmaçı və müəllim)

4-      Mehdi Nəimi (Güney azərbaycanlı fəal və türk dili müəllimi)

5-      Kərim Əsğəri (İran və Qafqaz məsələləri üzrə ekspert, elmlər namizədi)

6-      Məhsa Mehdili (GAMAC Təşkilatının sözcüsü)

 

Azərbaycan Respublikasının Tehrandakı keçmiş səfiri Prof. Dr. Nəsib Nəsibli İran və Güney Azərbaycanda gedən ictimai-siyasi proseslərdən danışaraq bildirib ki, İranda etnik problemi var və bu problem müxtəlif formalarda hər gün özünü göstərir. İnsanların ümumi irqçi davranışlarının rejimin anti-türk siyasətinin nəticəsi olduğunu deyən çıxışçı İranda sistemli şəkildə həyata keçirilən irqçi siyasətin bütün cəmiyyəti bürüdüyünü diqqətə çatdırıb.

 

Prof. Dr. Səlcuq Duman isə İranın anti-türk siyasətinə işarə edərək Azərbaycan Milli Hərəkatını yolundan caydırmaq üçün saxta paniranist tezislərindən istifadə olunduğunu qeyd edib. “Güney Azərbaycan türkləri Azərbaycançılıq ideyası ilə öz problemlərini həll edə bilər. Azərbaycanı İrana bağlamaq üçün istifadə olunan bütün saxta tezislər isə Milli Hərəkatı haşiyyə çəkmək məqsədi güdür”- deyə o vurğulayıb.

Güney Azərbaycanla bağlı bir çox kitab və elmi məqalə müəllifi olan Dr. S.Duman Güney Azərbaycanın tarixi ərazisi və siyasi tarixi ilə bağlı da geniş məlumat verib.

 

İstanbulda Azərbaycan Mədəniyyət Evinin müdiri Hikmət Alp da İranda türklərin müxtəlif problemlərindən söz açıb. O bildirib ki, “Mən İranın hər yerində türkə rast gəldim, Güney və Quzey Azərbaycan türklərinin bir-birinə tarixi, etnik və mədəni bağlarla bağlı olması açıq-aydın hiss olunur.”

 

Güney azərbaycanlı müstəqil fəal Kərim Əsğəri də İranda anti-türk siyasətinin yürüdüldüyünü təkidlə bildirib. “Qacarlardan sonra pəhləvi rejimi dövründə başlayan anti-türk siyasəti mərkəzçi islam cümhuriyyəti hökuməti tərəfindən də davam etdirildi. Türklərin İranda çox mürəkkib problemləri var, təkcə çıxış yolu siyasi mütəqillikdir”- deyə o sözlərinin bir hissəsində qeyd edib.

 

Digər güneyli müstəqil fəal Mehdi Nəimi İrandakı xatirələrinə işarə edərək mərkəzçi İran rejiminin türklərin əlayhinə siyasət yürütdüyünü bildirib. O bildirib ki, “İran rejiminin dünya türkləri, xüsusi ilə də Azərbaycan və Türkiyə türkləri əleyhinə düşmənçilik mövqeyində olması başa düşülən deyil.”

 

GAMAC sözcüsü Məhsa Mehdili konfrans iştirakçılarını salamladıqdan sonra İran rejiminin Azərbaycana qarşı gizli planlarından söz açıb. O bildirib ki, “İranın anti-türk və anti-Azərbaycan rejimi uzun illərdir gizli bir plan üzərində işləyir. Qərbi Azərbaycan Əyalətinin demoqrafik tərkibini dəyişdirməyə çalışan rejim bunun üçün Azərbaycana qarşı ərazi iddiası ilə çıxış edən terrorçu qruplaşmalarla kontrollu bir şəkildə işbirliyi içindədir, Rejim bu şəkilə Azərbaycan torpaqlarının işğal olunmasına şərait yaradır. Bilmək lazımdır ki, Dağlıq Qarabağ probleminə oxşar bir plan İran rejimi tərəfindən Güney Azərbaycanın qərb bölgəsində icra olunmaqdadır. Rejimin bu projesi Türkiyə, Azərbaycan və Milli Hərəkastı hədəfə alıb”- deyə o sözlərinin bir hissəsində qeyd edib.

 

Çıxışçılar konfransın sonunda tədbir iştirakçılarının sullarını cavablandırıb.

 

Tədbirin sonunda GAMAC tərəfindən çıxışçılar və konfrans təşkilatçılarına plaketlər təqdim olunub.

 

 

 

 

Aprelin 30-u, yerli vaxtla saat 14:00-da başlayan konfrans 2.5 saat davam edib. Tədbir iştirak etmək istəyən hər kəsə üçün açıq olub.

 

Konfransın videosu GünAz TV ekranından yayımlanacaq.

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar