SON XƏBƏRLƏR

Gilan Əyalətində çox sayda türk var – Rəşt Şəhər Şurasının üzvü / SƏS FAYLI

2021.10.20, 07:36
Gilan Əyalətində çox sayda türk var  – Rəşt Şəhər Şurasının üzvü / SƏS FAYLI

Gunaz.tv

GünAz TV: Gilan Əyalətində yerləşən Rəşt şəhəri məsullarının keçirdiyi bir iclasda əyalətdəki Azərbaycan türklərindən söz açılıb. İclasın Səs Faylı virtual aləmdə geniş şəkildə yayılıb.

 

Rəşt Şəhər Şurasının keçmiş üzvü Məhəmməd Mahmudiyan öz çıxışında Gilan Əyalətinin bir çox məntəqəsində türklərin yaşadığını qeyd edib. Onun sözlərinə görə, Astara şəhəri və ətrafdakı kəndlərin hamısı, Rəşt əhalisinin isə müəyyən hissəsi Azərbaycan türkləridir. “Ənzəli şəhəri Rəştdən sonra Gilan Əyalətinin ən böyük şəhəridir. Bu şəhərdə, həmçinin Somesəra şəhərində çox sayda türklər yaşayır”- deyə o bəyan edib.

 

Keçmiş Şura üzvü əlavə edib ki, “Gilan Əyaləti Teleradio Şirkəti gilək və talış dillərində proqramlar yayır, lakin türk dilində də verilişlər hazırlanmalıdır. Ona görə ki, bölgədə türklərin sayı çoxdur. Bu əslində Gilan əhalisinin əsas tələblərindən biridir.”

 

Qeyd edək ki, türklər Gilan Əyalətinin müxtəlif bölgələrində yaşayır, əyalətin şimal bölgələrində isə əksəriyyəti təşkil edirlər. Buna baxmayaraq Gilan Teleradio Şirkəti türk dilində hər hansı veriliş yaymır.

 

Bu zəmində ötən günlərdə Somesəra şəhərinin millət vəkili Kazım Dilxoş da oxşar açıqlama ilə çıxış etmişdir. O bildirmişdir ki, Gilan əhalisinin ən azı 30 faizi Azərbaycan türklərindən ibarətdir.

 

Son günlərdə Astaranın yenidən Ərdəbil Əyalətinə ilhaq edilməsi ilə bağlı tələblər artıb. Başda astaralı soydaşlarımız olmaqla azərbaycanlılar bildirir ki, Astaranı Gilan Əyaləti rəhbərliyinin ayrı-seçkilik siyasətindən qurtarmaq üçün yeganə yol onu Ərdəbil Əyalətinə birləşdirməkdir. Belə bir vaxtda aşağıdakı Səs Faylının yayılması olduqca düşündürücüdür.

 

https://www.youtube.com/watch?v=TAHOaczLc44

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar