SON XƏBƏRLƏR

Gilanlı məsullar Astara və “Heyran gədiyi” ilə bağlı təhrikedici açıqlamalar verir!

2021.10.20, 07:36
Gilanlı məsullar Astara və “Heyran gədiyi” ilə bağlı təhrikedici açıqlamalar verir!

Gunaz.tv

GünAz TV: Gilan Əyalətinin məsulları Astaranın yenidən Ərdəbil Əyalətinə ilhaq edilməsi ilə bağlı tələblərə reaksiya verərək bu barədə təhrikedici açıqlamalarla çıxış edirlər.

 

Məlumata görə, Rəşt Bələdiyyə İdarəsinin rəsmisi Muxtar Cabbari “Astaranın Ərdəbilə ilhaqının sədası qarşısında nə edilməlidir?” adlı bir yazı yayaraq Azərbaycan Milli Hərəkat fəalları və türklərin ümumi etirazlarını Gilanın maraqları ilə ziddiyyət təşkil etdiyini bildirib.

 

“Təklif olunur ki, Gilan Valiliyi əyalətin mənafeyinin qorunması üçün hərəkətə keçsin. Təhlükəsizlik orqanları da Astaranın Ərdəbilə ilhaqı ilə bağlı tələblər və bununla əlaqədar təhlükəsizlik məsələlərini araşdırıb bu barədə öz planlarını təqdim etsinlər.

Biz ciddi bir araşdırma ilə Astara Əhalisinin Ərdəbilə birləşməklə bağlı mənfi mövqedə olduqlarını göstərməliyik.

Gilan Valiliyi millət vəkilləri və Daxili İşlər Nazirliyi vasitəsi ilə hər hansı məntəqənin hansısa əyalətin tərkibindən ayrılması vəya ilhaq edilməsi ilə bağlı qanun qəbul etdirməlidir. Həmin qanuna görə, belə məsələlər ictimaiyyətə açıqlanmamışdan əvvəl səlahiyyətli şəxslər tərəfindən araşdırılmalı və nəhayət bu barədə qərar verilməlidir. Ona görə ki, bu kimi məsələlər qövmlər arasındakı münasibətlərdə və təhlükəsizlik məsələlərində gərginlik yarada bilər”- deyə o vurğulayıb.

 

 

Bələdiyyə İdarəsinin rəsmisi bundan əlavə Astara idarəçiliyində dəyişiklik edilməsini də xüsusi vurğulayıb. O bununla Astara idarəçiliyinin yerli olmayan şəxslərə tapşırılmasına eyham vurub. 

 

Muxtar Cabbarinin yazısı “Gil neqah” xəbər saytında dərc olunub.

 

Məsələyə Rəşt Şəhər Şurasının üzvü Rza Rəsuli də münasibət bildirib. O bu barədə şəxsi İnstaqram səhifəsində görüntü və məlumat yayaraq “Heyran gədiyi” ilə bağlı etirazlardan nigaranlıq hissi keçirdiyini bildirib.

 

 

Şura üzvü “Heyran gədiyi” və Astara ilə bağlı azərbaycanlı məsullar və millət vəkillərinin açıqlamalarını İranda yaşayan qövmlərin birliyi üçün bir təhdid olduğunu deyib.

 

Rza Rəsuli həmçinin yaydığı görüntülərdə Xəzər dənizinin tarixi adını saxtalaşdıraraq onu “Kaspiyən” adlandırıb.

 

Astara əhalisinin Ərdəbillə olan mədəni-mənəvi bağları kimsəyə gizli deyil. Dil, mədəniyyət və ailə qohumluqları olan məntəqələri bir çox ortaq dəyərlər birləşdirir. Bununla yanaşı Ərdəbil və Astaranın hətta iqtisadiyyatı da bir-birini tamamlayan bir sistemdir. Bu iki məntəqənin birləşməsi tarixi ədalətin gərçəkləşməsi istiqamətində önəmli addım olardı.

 

Astara şəhəri Gilan Əyalətinin mərkəzi olan Rəşt şəhərinin təxminən 200, Ərdəbilin isə 70 kilometrliyində yerləşir. Bu şəhər vaxtı ilə Ərdəbil şəhəri və Şərqi Azərbaycan Əyalətinə bağlı olub. Sonralar ölkənin inzibati ərazi bölgüsündə müvəqqəti olaraq Gilan Əyalətinə ilhaq edilib. Şəhərin əhalisi Azərbaycan türkləridir, onlar bütün azərbaycanlılar kimi Astaranın yenidən Ərdəbil Əyalətinə ilhaq edilməsini tələb edir.

 

Novruz bayramı günlərində “Heyran gədiyi” məntəqəsində turistlərə xidmət göstərmək bəhanəsi ilə təxminən 15 lövhə quraşdırılıb. Gilan rəhbərliyi tərəfindən quraşdırılan lövhələrdə “Heyran gədiyi” Gilan Əyalətinin inzibati ərazisi kimi göstərilib.

 

Ərdəbil Əyalətinə edilən ərazi iddiası azərbaycanlı gənclərin kəskin etirazı ilə qarşılanıb, qısa müddətdə lövhələrin üzərindəki yazılar gənclər tərəfindən silinərək oxunulmaz hala salınıb, onların bir neçəsi isə aşağı endirilib. Etirazçı gənclər “Azərbaycana xoş gəlibsiniz” cümləsini əks etdirmək üçün lövhələrdəki “Gilan Əyaləti” sözünün üzərinə Azərbaycan bayrağı yapışdırıblar.

 

Gilan rəhbərliyi tərəfindən quraşdırılan bəzi lövhələrin üzrində artıq “Yaşasın Azərbaycan”, “Yaşasın Ərdəbil”, “Heyran canımdır, Torpaqdan pay olmaz”, “Heyran Ərdəbilindir” və s. kimi şüarlar görünməkdədir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar