SON XƏBƏRLƏR

GünAz TV aparıcısı Cavad İsmayılbəylinin Facebook səhifəsində paylaşdığı yazı İnformator.az saytında...

2021.10.20, 07:36
GünAz TV aparıcısı Cavad İsmayılbəylinin Facebook səhifəsində paylaşdığı yazı İnformator.az saytında...

Gunaz.tv

GünAz TV: Tanınmış jurnalist, GünazTv-nın aparıcısı Cavad İsmayılbəyli öz facebook səhifəsində bir dostunun Amerika Birləşmiş Ştatlarındakı (ABŞ) mühacir həyatı ilə bağlı marağına cavab yazıb.

 

Azərbaycanın İnformator.az saytında yayılan yazını olduğu kimi təqdim edirik:

“Bir dost Təbrizdən “Facebook” vasitəsiylə özəl mesaj qoyub ki, Amerikada zindəganlıq (yaşayış) necədir və s…

 

Təbii, burda gördüklərimi və təcrübələrimi paylaşdım. Bu sual həm də məni məcbur etdi bir neçə kəlmə də “Facebook” arkadaşlarıma yazım.

 

İstər Şah zamanında, istərsə də molla hakimiyyəti dövründə kimliyimdən xəbərsiz olmuşam

 

55 il müddətində 4 fərqli həyat yaşamışam. Birinci İran adlanan yerdə “manqurt” həyatı yaşamışam, yəni istər Şah zamanında, istərsə də molla hakimiyyəti dövründə kimliyimdən xəbərsiz olmuşam. İnsan hər şeyi məktəbdən öyrənir, ibtidai təhsildən tutmuş universitetə qədər. İran təhsil sistemində hər şey farslar üçünür, hətta bizim alimləri də, fars kimi bizlərə tanıtdırıblar, itdiriblər, məsələn, Molevi, Şəms Təbrizi, Nizami Gəncəvi və s… Bir sözlə, bizə qan uddurublar ve bilmədən pan-farşizm ideasına qulluq etmişik və tam cəsarətlə deyərəm ki, hamı bu həyatı yaşayıbdır. Ara-sıra bəziləri var danışdırsan deyər mən elə anadan “Boz Qurd” doğulmuşam, bunlara deyəsi sözüm yoxdur. Bir cümlə ilə desəm farslara kölə olmuşam.

 

İran təhsil sistemində hər şey farslar üçünür, hətta bizim alimləri də, fars kimi bizlərə tanıtdırıblar

 

İkinci həyatım oz iradəmdən kənar İran-İraq savaşında olmağımdır, hamı bilir ki, 1 milyondan çox ölən və yaralananlar oldu. Hər əməliyyatda necə deyərlər leş-leşə söykənirdi, həm də savaşın ən qızğın nöqtəsində 30 ay xidmət etdim, bunun 24 ayı qanuni və 6 ayı da savaşın uzadılması ilə əlaqədar əlavə köləlik borcumu yerinə yetirdim. Dəfələrlə üz-üzə ölümdən döndüm, hər dəfə də bəxt üzümə gülürdü, macəra dolu bir həyat.

 

Elçibəy hakimiyyəti yıxıldıqdan sonra Azərbaycanla İran arasında məcburi bir müqavilə baglandı

 

Üçüncü həyatım isə Quzey Azərbaycana olan mühacirətdir. O zamankı Məhəmməd Əmin Rəsulzadə adına Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi üzrə Bakalavr ve Magistr dərəcələrini bitirdim. Ana dilimiz eyni olsa da, yerli tələbələrlə rəqabət çox çətindir, özəlliklə hər şeyi sıfirdan baslayanda insanı lap dözümsüz həddə çatdırır. Bu həyat məni özümə qaytardı, “manqurtluq”dan xilas etdi (orda da manqurtlara rast gəlirdim). Öz hörmət və kimliyimi tapdım. Farsların qəhramanı kimi tanıdıqlarım sən demə öz qəhrəmanlarımız imiş.

 

Və nəhayət duydum ki, mənim də bir ölkəm və dövlətim var. Bütün eybəcərlikləri ilə yer kürəsində yeganə dövlətdir ki, hər azərbaycanlını ac-yalavac da saxlasa, hətta “ətini də yesə sümüyünü atmaz”. Lap açığını desəm Azərbaycan mənim üçün Irandan min qat doğma və dəyərli bir ölkədir.

 

Amerika bir ölkə ki, artıq İran buna diktə edə bilməz

 

Dördüncü həyatım isə Amerikaya mühacirət idi. Bu zərurətdən doğan bir mühacirət oldu. Elçibəy hakimiyyəti yıxıldıqdan sonra Azərbaycanla İran arasında məcburi bir müqavilə bağlandı ki, güneydən mühacirət edib siyasi fəaliyyət göstərənlərə heç bir rəsmi dövlət sənədi verilməməlidir. Buna görə də ömrümün sonuna qədər sənədsiz və havada yaşamağım qeyri-mümkün idi.

 

Nəhayət BMT yolu ilə Amerikaya gəldim, qanun ölkəsinə-insaniyyətə və bəşəriyyətə dəyər verən bir ölkəyə. Qısa bir zamanda „Green Card“, daha sonra vətəndaş və passport sahibi oldum. Amerika bir ölkə ki, artıq İran buna diktə edə bilməz ki, kiməsə vətəndaşlıq ya da sənəd verin, ya da verməyin. Azad bir ölkədir, dagarcığında nə var və hansı istedada maliksən nümayiş etdirə bilərsən. Kasıb da yaşaya bilərsən, milyader də ola bilərsən və bu qalır insanın öz çıxarına. Necə deyərlər, harda xoşsansa ora vətəndir.

 

Mühacirətə adət etdim və təəssüf ki, burdan o yana ayrı bir qitə yoxdur. Mütləq getmək istərdim."

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar