SON XƏBƏRLƏR

Güney Azərbaycan idmanına növbəti xəyanət: Urmiyə Bələdiyyəsinin bütün komandalarının ləğv edilməsi təklif olunur

2021.10.20, 07:36
Güney Azərbaycan idmanına növbəti xəyanət: Urmiyə Bələdiyyəsinin bütün komandalarının ləğv edilməsi təklif olunur

Gunaz.tv

GünAz TV: Təbriz Bələdiyyə İdarəsinin idman klubu ləğv edildikdən sonra bu dəfə Güney Azərbaycanın digər önəmli şəhəri olan Urmiyədə də eyni təcrübəni təkrar etməyə çalışırlar.

 

Məlumata görə, avqustun 6-da Urmiyə Şəhər Şurasının 5 üzvü Şura rəisinə məktub ünvanlayaraq Urmiyə Bələdiyyəsinin klubu, yəni “Şəhrdari” adı daşıyan bütün idman komandalarının ləğv edilməsini tələb ediblər. Şura üzvləri bu təklifi maliyyə problemləri ilə əlaqələndirib.

 

Bu barədə Urmiyə “Şəhrdari” komandasının icraçı direktoru Peyman Rzayi “Mehr” xəbər agentliyinə danışıb.

“Bizə bu barədə heç bir açıqlama verilməyib, biz də xəbəri mətbuatdan oxuduq. Deyilənlərə görə, Təbriz Bələdiyyəsinin klubu ləğv olunduqdan sonra Şura üzvləri maliyyə sıxıntılarına görə belə bir məsələni gündəmə gətiriblər. Lakin konkret heç nə deyilməyib. Bizim rəisimiz bələdiyyə başqanıdır, o da bizə heç bir söz deməyib.”- deyə o bildirib.

 

Peyman Rzayinin sözlərinə görə, klubun ləğvi ilə bağlı təklif qarşıdakı şənbə günü elan olunmalıdır.

 

Bildirilir ki, Urmiyə Şəhər Şurasının 5 üzvü (Hüseyn Bəxşayeşi, Zülfəli İbrahimi, Əbdulrəhman Nəqşin, Məsud Paki və Hüseyn Pənahi) klubla bağlı Şura rəisinə ünvanlanan məktubu imzalayıb, lakin Şuranın Xəlilpur və Piri adlı digər iki üzvü məktubu imzalamaqdan imtina ediblər. Şuranın 4 üzvü isə bu barədə heç bir fikir bildirməyib. Qanuna görə, məktub daha bir üzv tərəfindən imzalanacağı təqdirdə, o zaman edilən təklif səsə qoyulacaq. Təklif dəstəklənərsə, Urmiyədə “Şəhrdari” adı daşıyan bütün komandalar və ümumiyyətlə Bələdiyyə İdarəsinin idman klubu ləğv olunacaq.

 

Azərbaycan gəncləri o halda belə məhdudiyyətlərlə üzləşir ki, İranın mərkəzi şəhərlərində idman komandalarının imkanları günü-gündən artır. Təkcə Tehranın “Perspolis” və “İstiqlal” futbol komandalarına hər il dövlət tərəfindən milyardlar tümən vəsait ayrılır.

 

Ötən günlərdə Təbriz Şəhər İcra Hakimiyyəti başçısının müdaxiləsi və Şəhər Şurasının bəzi üzvlərinin tələbi əsasında Təbriz Bələdiyyəsinin bütün idman komandaları ləğv edildi. Bu barədə daha çox məlumat almaq üçün aşağıdakı xəbəri oxuya bilərsiniz. Azərbaycan idmanına daha bir xəyanət: Təbriz Bələdiyyəsinin bütün idman komandaları ləğv edildi

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar