SON XƏBƏRLƏR

Güney Azərbaycan şəhərlərində havanın çirklənməsinin əsas səbəbi nədir?

2021.10.20, 07:36
Güney Azərbaycan şəhərlərində havanın çirklənməsinin əsas səbəbi nədir?

Gunaz.tv

GünAz TV: Ötən günlərdə Güney Azərbaycanın Urmiyə və Təbriz şəhərlərində hava həddindən artıq çirkləndiyi üçün məktəblər bir neçə gün tətil edilmişdir.

 

Qərbi Azərbaycan Əyaləti Ətraf Mühit İdarəsinin açıqlamasına görə, hava çirkliliyi dekabrın 12-dən təhlükəli həddə çataraq günlərlə davam edib.

 

Urmu Gölü ətrafında mövcud ekoloji vəziyyətin Təbriz və Urmiyə kimi şəhərlərdə havanın çirklənməsinin təhlükəli səviyyəyə çatmasına böyük təsir göstərdiyi bildirilir.

 

Məsələyə ötən günlərdə yerli məsullardan bir neçəsi münasibət bildirib.

 

Təbriz Universitetinin İqlimşünaslıq, Meteoroloji  və Su Qrupunun müdiri Behruz Sari Sərraf Urmu gölünün 90 faizinin quruduğunu bildirərək havanın çirklənməsinin göldən qalxan duz və qum zərrəcikləri ilə əlaqədar olduğunu deyib.

 

“Araşdırmalara görə, duz və qum zərrəcikləri yaxın əyalətlərlə yanaşı qonşu ölkələrə də öz təsirini göstərir. Zərrəciklər Troposfer hava qatından keçərək yuxarı qatlara yüksəlir, sonra isə uzaq məntəqələrə intiqal tapır. Ona görə də bu məsələ beynəlxalq bir böhrana çevrilə bilər”- deyə o xəbərdarlıq edib.

 

B.Sari Sərraf Urmu gölünün canlandırılması ilə bağlı yayılan rəsmi xəbərləri də tənqid edib. “Rəqəmləri həddindən artıq şişirtməyək. Urmu gölü artıq göl formasından çıxıb və bir duz yatağına çevrilib. Bütün səylər isə duz fırtınalarının qarşısını almağa yönəlib. Göldə suyun səviyyəsinin tarazlığını, o da normal səviyyədən aşağı bir həddə saxlamaq çox da mühüm iş deyil. Hökumət rəsmilərinin Urmu gölünə laqeyd yanaşması, bölgə əhalisi və əkinçilərin durumu ilə əlaqədar heç bir qanunun təsdiqlənməməsi səbəb olub ki, insanlar Urmu gölü məsələsini mətbuatın bir xəbər oyunu kimi başa düşsün. Məsulların əhalinin səsinə ehtiyacı olduğu üçün, onları narahat etməsinlər deyə bu barədə ciddi xəbərdarlıq da etmirlər.”

 

Təbriz Universitetinin Elmi Heyətinin üzvü əlavə edib ki, Bir vaxtlar Urmu gölünün sulu sahəsi ətrafdakı şəhərlərin havasının mötədil olmasında rol oynayırdı. Lakin gölün əsas hissəsi quruduğu üçün biz hətta qış fəslində də havanın istiləşməsinə şahid oluruq.”

 

Bölgədə havanın çirklənməsi məsələsinə universitet müəllimi və ətraf mühit fəalı Behnam Bəhrami də münasibət bildirib. Onun sözlərinə görə, Urmu Gölünü canlandırma layihəsinin düzgün həyata keçirilməməsi nəticəsində Urmiyə çirkli şəhərlər arasındadır.

 

“Bağları, dərələri və yaşıl dağları ilə məşhur olan Urmiyədə hava çirklənməsi niyə bu sürətlə artmaqdadır? Nədən Urmiyə kimi bir şəhər son günlərdə hava çirkliliyinin təhlükəli həddə çatdığı şəhərlər siyahısındadır? Bir çox insan bu suallara cavab axtarır”deyə Behnam Bəhrami mətbuata bildirib.

 

Ötən günlərdə sözügedən böhranla bağlı Şərqi Azərbaycan Su və Kanalizasiya Şirkətinin icraçı direktoru Əlirza İmanlu da oxşar açıqlama ilə çıxış edib. “Urmu gölünün quruması, şimal-qərb bölgəsində yağıntıların azalmasında xüsusi rol oynayıb. Elmi araşdırmalara görə, gölün quruması nəticəsində əmələ gələn metan qazı yağış buludlarının yaranmamasına ciddi təsir göstərir”- deyə o qeyd edib.

 

Təbriz Bələdiyyə İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsi tərəfindən yayılan məlumatda isə bildirilir ki, Təbriz Şəhər Şurasının üzvü Məhəmmədbağır Beheşti bölgədə havanın çirklənməsi ilə bağlı ciddi elmi araşdırmalara ehtiyac yarandığını deyib.

 

“Nə üçün Təbrizin havası ölkənin ən çirkli havası olmalıdır?! Urmiyə ümumiyyətlə sənayeləşmiş bir şəhər deyil. Bəs bu şəhər nəyə görə çirkli hava problemindən əziyyət çəkir?! Bizim yanacaq hətta “Avro-2” standartına da uyğun gəlmir. Heçnə elan olunmuş statistik məlumatlar kimi deyil, burada çox böyük ziddiyyətlər var. Ona görə də havanın çirklənməsi və onun səbəbləri ilə bağlı ciddi elmi araşdırmaya ehtiyac var”- deyə o vurğulayıb.

 

Təbriz Şəhər Şurasının digər üzvü Fridun Babayi Əqdəm isə Şuranın keçirdiyi iclasda bu məsələyə toxunub. “Urmu gölü böhranının havanın çirklənməsində neçə faiz rol oynadığı rəsmən elan olunmalıdır. Bunu çirkli hava ucbatından evdə oturan insanlar və tibbi mərkəzlərdə müalicə alan şəxslər bizdən gözləyir. Biz öz görəvimizi yerinə yetirməliyik. Hələ qış fəsli yeni başlayıb. Əgər indi vəziyyətimiz belədirsə, bəs gələcəkdə hansı durumda olacayıq?!”- deyə Şura üzvü bildirib.

 

Qeyd edək ki, Urmu gölü böhranı bölgənin hava şəraitinə təsir etdiyi üçün göl ətrafında havanın çirklənməsi hallarına tez-tez rast gəlinir. Küləkli havada yaranan duz fırtınaları bölgə əhalisinin həyatını ciddi təhlükə altına alır, göl quruduqca bu vəziyyət daha da pisləşir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar