SON XƏBƏRLƏR

Güney Azərbaycanda koronavirus infeksiyasına yoluxanların sayı 4500 nəfər oldu

2021.10.20, 07:36
Güney Azərbaycanda koronavirus infeksiyasına yoluxanların sayı 4500 nəfər oldu

Gunaz.tv

GünAz TV: İranın Rəsmi statistikalarına əsasən Güney Azərbaycan əyalətlərində son 24 saatda daha 221 nəfərdə koronavirusa yoluxma faktı qeydə alınıb və infeksiyaya tutulanların sayı 4501 nəfərə çatıb.

 

Güney Azərbaycanda infeksiyasından ölənlərin sayı isə 487 nəfər olub.  Güney Azərbaycan bölgələri arasında ən yüksək yoluxma və itki faktı Şərqi Azərbaycan əyalətində qeydə alınıb.

 

 

Bu əyalətdə keçən 24 saat ərzində daha 94 nəfərdə  koronavirus infeksiyası aşkarlanıb. Təbriz Tibb Universitetinin rəisi Məhəmməd Hüseyn Somi əyalətdə koronavirusa yoluxanların sayının 1537 nəfərə çatdığını bildirib.

 

O, keçən gün daha doqquz nəfərin koronavirus infeksiyasından öldüyünü və beləliklə qurbanların sayının 148 nəfərə çatdığını deyib. 

 

Sominin sözlərinə görə, Şərqi Azərbaycan əyalətində ən yüksək yoluxma faktı Təbrizdə, ondan sonra isə  Mərənd, Əhər, Miyana, Heris və Sarab şəhərlərində qeydə alınıb. 

  

Qəzvin əyalətində də 933 nəfərin koronavirusa yoluxduğu, 131 nəfərin həyatını itirdiyi təsdiqlənib. Qəzvin Güney Azərbaycanda virusa yoluxanların və qurbanların sayına görə Şərqi Azərbaycandan sonra ikinci yeri tutur.

 

Qərbi Azərbaycanda isə infeksiyaya yoluxanların sayı 696 nəfərə çatıb. Urmiya Tibb Universitetinin rəisi Cavad Ağazadənin dediyinə əsasən son 24 saatda daha 48 nəfərdə infeksiya aşkarlanıb.

Onun sözlərinə görə, Qərbi Azərbaycanda bu virusdan ölənlərin sayı 55 nəfərə çatıb. 

 

Ərdəbil əyalətində də 418 nəfərin koronavirusa yoluxduğu təsdiqlənib. Ərdəbil Tibb Universitetinin rəis müavini Əfşin Fəthinin dediyinə görə, son 24 saat ərzində bu əyalətdə daha dörd

nəfər canını itirib və beləliklə infeksiyadan ölənlərin ümumi sayı 69 nəfərə çatıb. 

 

Zəncan əyalətində də rəsmi açıqlamalara görə, infeksiyaya yoluxanların sayı 562, xəstəlikdən ölənlərin sayı isə 55 nəfərdir.

 

 

Həmədan Əyalətində isə son rəsmi məlumat keçən həftə cümə axşamı günü açıqlanıb. Həmin məlumata əsasən, əyalətdə 355 nəfər koronavirusa yoluxub, onlardan 29-ü həyatını itirib. Qeyri-rəsmi mənbələr Həmədanda infeksiyanın geniş yayıldığını, onlarla insanın öldüyünü yazırlar. Əyalət rəsmilərinin son günlərdə epidemiyanın yayılması haqqında məlumat verməkdən imtina etmələri də əyalətdəki vəziyyətlə bağlı ciddi narahatlığa səbəb olub. Keçən həftə Həmədan həbsxanasında koronavirusun yayılması ilə bağlı üsyan baş vermişdi. Rəsmilər  üsyanda iki nəfərin canını itirdiyini deyirlər.

 

İranda koronavirusa yoluxma faktı ilk dəfə Qum şəhərində qeydə alındıqdan sonra hökumət şəhəri karantinə almağa qarşı çıxaraq virusun bütün ölkəyə, o cümlədən Güney Azərbaycana yayılmasına, yüzlərcə insanın qurban olmasına yol verdi.

 

Ü.F 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar