SON XƏBƏRLƏR

Güney Azərbaycanda koronavirusa yoluxanların sayı 5000 nəfəri ötüb

2021.10.20, 07:36
Güney Azərbaycanda koronavirusa yoluxanların sayı 5000 nəfəri ötüb

Gunaz.tv

GünAz TV: İranın Rəsmi statistikalarına əsasən Güney Azərbaycan əyalətlərində son 24 saatda daha 196 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb və infeksiyaya tutulanların sayı 5051 nəfərə çatıb.

 

 

Güney Azərbaycanda infeksiyadan ölənlərin sayı isə 577 nəfər olub.  Güney Azərbaycan bölgələri arasında ən yüksək yoluxma və itki faktı Şərqi Azərbaycan əyalətində qeydə alınıb.

 

 

Bu əyalətdə keçən 24 saat ərzində daha 74 nəfərdə  koronavirus infeksiyası aşkarlanıb. Təbriz Tibb Universitetinin rəisi Məhəmməd Hüseyn Somi əyalətdə koronavirusa yoluxanların sayının 1762 nəfərə çatdığını bildirib.

 

 

O, keçən gün daha 11 nəfərin koronavirus infeksiyasından öldüyünü və beləliklə qurbanların sayının 177 nəfərə çatdığını deyib. 

 

 

Sominin dediyinə görə, əyalətdə xəstəliyə yoluxanların 55-60 faizi sağalıb. “İnfeksiyaya yoluxanların əksəriyyəti 5-10 gün ərzində tamamilə sağalırlar” - deyə rəsmi artırıb.

  

 

Güney Azərbaycan əyalətləri arasında virusa yoluxanların və qurbanların sayına görə Şərqi Azərbaycandan sonra ikinci yeri tutan Qəzvində 1018 nəfərin koronavirusa yoluxduğu, 149 nəfərin həyatını itirdiyi təsdiqlənib. Qəzvin Tibb Universitetinin rəisi Peyman Namdar əyalətdə infeksiyaya yoluxanlardan 661 nəfərinin sağaldığını deyib.

 

 

Qərbi Azərbaycanda isə infeksiyaya yoluxanların sayı 799 nəfərə çatıb. Urmiya Tibb Universitetinin rəisi Cavad Ağazadənin dediyinə əsasən, son 24 saatda daha 24 nəfərdə infeksiya aşkarlanıb. O, pandemiyanın yayıldığı gündən Qərbi Azərbaycanda 2003 nəfərdən test götürüldüyünü deyib.  Ağazadənin  sözlərinə görə, Qərbi Azərbaycanda bu virusdan ölənlərin sayı 72 nəfərə çatıb, sağalanların sayı isə 416 nəfərdir.

 

 

Ərdəbil əyalətində də bu günə kimi 984 nəfərdən test götürüldüyü deyən Ərdəbil Tibb Universitetinin rəis müavini Əfşin Fəthi, əlavə edib ki, 497 nəfərin koronavirusa yoluxduğu təsdiqlənib. Fəthinin dediyinə görə, son 24 saat ərzində bu əyalətdə daha beş nəfər canını itirib və beləliklə infeksiyadan ölənlərin ümumi sayı 87 nəfərə çatıb.

 

 

Zəncan əyalətinin Tibb Universitetinin rəisi Pərviz Qızılbaşın açıqlamasına görə, əyalətdə infeksiyaya yoluxanların sayı 620, xəstəlikdən ölənlərin sayı isə 63 nəfərə çatıb. O, pandemiyanın yayıldığı gündən etibarən 1774 nəfərin koronavirus şübhəsi ilə xəstəxanalara yerləşdirildiyini, onlardan 428 nəfərinin tam sağaldığını deyib.

 

 

Həmədan Əyalətində isə rəsmilərin statistikaları gizlətmələri davam edir. Bir həftədən çoxdur ki, yoluxanların və ölənlərin sayı haqda məlumat vermirlər. Səkkiz gün öncə verilən rəqəmlərə görə, əyalətdə 355 nəfər koronavirusa yoluxub, onlardan 29-ü həyatını itirib. Qeyri-rəsmi mənbələr Həmədanda infeksiyanın geniş yayıldığını, onlarla insanın öldüyünü yazırlar. 

 

 

Qeyd edək ki, ekspertlər İranda, o cümlədən Güney Azərbaycan əyalətlərində koronavirusa yoluxan və bu xəstəlikdən ölənlərin sayının rəsmi statistikadan qat-qat çox olduğunu bildirir. Onların fikrincə, İran rəsmiləri statistikanı aşağı göstərməklə böhranı idarə etmədə uğursuz olduqlarını gizlətməyə çalışırlar.

 

 

Bəzi qeyri-rəsmi mənbələrə görə, İran Məhkəmə Sisteminin sədri İbrahim Rəisi ötən günlərdə Səhiyyə nazirliyindən koronavirus infeksiyasından ölənlərin ölüm səbəbini başqa xəstəliklər adı altında açıqlanmasını tələb edib. O, həmçinin nazirlikdən istəyib ki, özəlliklə sosial şəbəkədə  yayımlanan statistikaya nəzarət etmək istiqamətində məhkəmə sistemi ilə əməkdaşlıq olunsun.  

 

Ü.F 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar