SON XƏBƏRLƏR

Güney Azərbaycanda koronavirusdan ölənlərin sayı 250 nəfəri ötüb

2021.10.20, 07:36
Güney Azərbaycanda koronavirusdan ölənlərin sayı 250 nəfəri ötüb

Gunaz.tv

GünAz TV: Güney Azərbaycan əyalətlərində daha 258 nəfərdə koronavirusa yoluxma faktı qeydə alınıb və xəstəliyə tutulanların sayı 2890 nəfərə çatıb.

 

GünAZ TV İran rəsmilərinin açıqlamalarına əsasən xəbər verir ki, koronavirus infeksiyasından ölənlərin sayı Güney Azərbaycanda artıq 258 nəfərə çatıb.  

 

Qeyd edək ki, İran rəsmiləri bəzi bölgələrdə, o cümlədən Həmədan əyalətində koronavirus qurbanlarının sayı haqqında yeni məlumat verməyi dayandırıb. Qeyri-rəsmi mənbələr İranda, o cümlədən Güney Azərbaycan əyalətlərində koronavirusa yoluxan və bu xəstəlikdən ölənlərin sayının rəsmi statistikadan qat-qat artıq olduğunu bildirir.

 

 

İranda koronavirusa yoluxma faktı ilk dəfə Qum şəhərində qeydə alındıqdan sonra hökumət şəhəri karantinə almağa qarşı çıxaraq virusun bütün ölkəyə, o cümlədən Güney Azərbaycana yayılmasına, yüzlərcə insanın qurban olmasına yol verdi.

 

 

Təbriz Tibb Universitetinin mətbuat katibi Cəmaləddin Hüseyni Əqdəm Şərqi Azərbaycan əyalətində koronavirusa yoluxanların sayının 867 nəfərə çatdığını deyib.

 

 

Onun sözlərinə görə, Şərqi Azərbaycanda son 24 saat ərzində daha 54 nəfərdə koronavirus infeksiyası aşkarlanıb.

 

Hüseyni Əqdəm keçən gün daha beş nəfərin koronavirus infeksiyasından öldüyünü və beləliklə əyalətdə qurbanların sayının 82 nəfərə çatdığını bildirib.

 

 

Təbriz Tibb universitetinin rəisi Məhəmməd Hüseyn Somi daha öncə bildirmişdi ki, xəstəliyin hazırkı yayılma sürəti ilə aprel ayının ilk günlərindən etibarən Şərqi Azərbaycan əhalisinin doqquz faizi (300,000 nəfər) koronavirusa yoluxmuş olacaq. 

 

 

Güney Azərbaycanın digər bölgələrində də epidemiyanın sürətlə yayılması müşahidə olunur.

 

 

Qərbi Azərbaycanın Tibb Universitetinin rəisi, Cavad Ağazadənin dediyinə əsasən əyalətdə 428 nəfərdə infeksiya aşkarlanıb, onlardan 31-i canını itirib.

 

 

Beləliklə Qərbi Azərbaycanda keçən 24 saat ərzində 33 yeni yoluxma faktı qeydə alınıb, həmin gün daha dörd nəfər infeksiyadan ölüb.

 

 

Ərdəbil əyalətində də hazırda 334 nəfər koronavirus şübhəsi ilə xəstəxanalarda müalicə alır. Ərdəbil Tibb Universitetinin müavini, Əfşin Fəthinin dediyinə görə, əyalətdə 289 nəfərin koronavirusa yoluxduğu təsdiqlənib. Xəstəlikdən ölənlərin sayı isə 38 nəfərə çatıb.

 

 

Fəthinin dediyinə görə, Ərdəbildə 24 saat ərzində 19 yeni yoluxma halı qeydə alınıb, həmin gün daha dörd nəfər infeksiyadan ölüb.

 

 

Zəncan Tibb Universitetinin rəisi Pərviz Qızılbaş əyalətdə  infeksiyaya tutulanların sayının 394 nəfərə çatdığını bildirib. Əyalətdə infeksiyadan ölənlərin sayı keçən həftədən etibarən yenilənməyən ən son statistikaya görə 25 nəfərə çatıb.

 

Qızılbaş hər gün orta hesabla 35-45 nəfərin koronavirus şübhəsi ilə xəstəxanalara yerləşdirildiyini bildirib. 

 

 

Qəzvin əyalətində də hələlik 669 nəfərin koronavirusa yoluxduğu, 71 nəfərin həyatını itirdiyi açıqlanıb.

 

Bu rəqəm Həmədanda 243 nəfərdir ki, onlardan 11 nəfərinin dünyasını dəyişdiyi təsdiqlənib. 

  

Ü.F

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar