SON XƏBƏRLƏR

Güney Azərbaycanın daha çox parçalanması üçün ssenari qurulur – Yeni əyalətin yaradılması gündəmə gətirilir

2021.10.20, 07:36
Güney Azərbaycanın daha çox parçalanması üçün ssenari qurulur – Yeni əyalətin yaradılması gündəmə gətirilir

Gunaz.tv

GünAz TV: Uzun illər öncə rejim tərəfindən bir neçə əyalətə parçalanan Güney Azərbaycan daha kiçik əyalətlərə parçalana bilər.

 

Məlumata görə, mərkəzi Xoy şəhəri olmaqla “Sərhəd Azərbaycanı” (“Azərbaycan-i mərzi”) əyalətinin yaradılması ilə bağlı təklif layihəsi İran parlamentinə təqdim olunub.

Artıq Parlamentin Rəyasət Heyətinin üzvü Əliəsğər Yusifnəjad öz çıxışında təklif layihəsinin parlamentə təqdim olunduğunu deyib.

 

Məsələyə Urmiyənin millət vəkili Nadir Qazipur öz münasibətini bildirib.

“Anac” agentliyinə danışam N.Qazipur bunu Xoy şəhərinin millət vəkili Tağı Kəbirinin seçki təbliğatına xidmət edən plan adlandırıb.

 

“Xoyun millət vəkili tərəfindən parlamentə təqdim olunan təklif layihəsi bir neçə deputat tərəfindən imzalanmışdır. Lakin deputatlar ardıcıl imzalarını geri götürür. Onlar yenə də buna qarşı çıxacaq. Həmçinin bu parlamentin ömrü sözügedən təklif layihəsini müzakirə etməyə çatmayacaq.”- deyə azərbaycanlı millət vəkili bildirib.

 

Nadir Qazipur təklif layihəsinin gündəmə gətirilməsinin əsas səbəbini belə açıqlayıb: “Xoy şəhərinin millət vəkili qarşıdakı seçkilərdə qalib gəlmək və deputat olduğu müddətdə çox az fəaliyyət göstərdiyini gizlətmək məqsədi ilə belə bir təklif irəli sürüb. Lakin bilmək lazımdır ki, belə şeylərlə səs qazanmaq mümkün deyil.”

 

Bir neçə həftə əvvəl Makı şəhərinin millət vəkili Eynulla Şərifpur Qərbi Azərbaycan Əyalətinin şimalında yeni əyalətin yaradılması haqda edilən cəhdlərlə bağlı xəbərdarlıq etmişdir.

 

Ötən il isə hökumətin əlatısı olan bəzi millət vəkilləri Şərqi Azərbaycan və Ərdəbil Əyalətlərinin bir neçə şəhərini əhatə edəcək “Şimali Azərbaycan” adlı əyalətin təsis edilməsini gündəmə gətirmişdir. Bu plan Azərbaycan əhalisinin kəskin etirazı ilə qarşılandı.

 

Güney Azərbaycan əhalisi Azərbaycanda yeni əyalətlərin yaradılmasını Azərbaycan torpaqlarının parçalanmasına xidmət etdiyini düşünür. Bundan əlavə, əyalətlər kiçildikcə, onların iqtisadi inkişafı daha da ləngiyir, bunu Ərdəbil Əyalətinin bütün inkişaf göstəricilərində görmək mümkündür.

Qərbi Azərbaycan Əyalətində isə vəziyyət daha da mürəkkəbdir. Kürd terror qruplaşmaları Azərbaycana ərazi iddiası irəli sürərək müxtəlif yollarla bölgənin kürdləşdirilməsinə çalışır. Bu vəziyyətdə Qərbi Azərbaycan Əyalətinin daha kiçik əyalətlərə parçalanması Azərbaycan türklərini bir çox ictimai və təhlükəsizlik problemləri ilə üz-üzə qoya bilər.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar