Tehran rejiminin Vərziqanın mis mədən kompleksinin 3-cü mərhələsinin işlənməsinin kontraktorluğunu həvalə etdiyi "Pavan" şirkəti burada işləyən güney azərbaycanlı Türk işçiləri çıxarıb, əvəzinə mühacir kürdləri işə götürməyi planlaşdırır.
Gunaz.tv
"Pavan" şirkətinin rəhbərliyinin əksəriyyətini kürdlər təşkil edir. Tehran rəsmiləri 2018-ci ildə bu sözügedən mədənin kontraktorluğunu bu şirkətə həvalə edib.
Şirkətin ümumi 200 işçisindən yalnız 50 nəfəri yerli Güney Azərbaycan Türkləridir. Qalan 150 işçi mühacir və əsasən kürdlərdən ibarətdir. Azər ayında (noyabarın axırlarından dekabrın sonlarınadək-red.) işçilərin şirkətlə əməkdaşlıq kontraktı sona çatır. "Pavan" şirkəti artıq azərbaycanlı işçiləri çıxarmağa start verib və qalan azərbaycanlı əməkdaşları da çıxarıb, onların əvəzinə mühacir kürdləri təyin etməyi planlaşdırır.
İran rejimi uzun illərdir Güney Azərbaycan şəhərlərində kürdləri məskunlaşdıraraq, bu bölgənin etnik tərkibini onların xeyrinə dəyişməyə çalışır. Cari ilin iyun ayında Parsabadın icra hakimi Ədalət Hacıpur bu rayonda Tehran hökuməti tərəfindən 2000 kürdün məskunlaşdırılmasına etiraz əlaməti olaraq bildirmişdi ki, kürdlərin bu əraziyə gətirilməsi və onların burda kök salması gələcəkdə problemlərə səbəb ola bilər.
"2 min nəfərə yaxın kürddilli şəxs fəhlə kimi işləmək üçün Parsabad rayonuna gələrək burada məskunlaşıb. Mədəniyyət fərqlərini nəzərə alaraq, demək olar ki, bu mühacirətlər gələcəkdə mədəniyyət problemləri və sosial zərərlərlə yanaşı, qarşıdurmalara da bais ola bilər", - deyə Ədalət Hacıpur qeyd etmişdi.
Vərziqan mis mədəni Yaxın Şərqdə ən böyük mis mədəni hesab edilir. Tehran hökumətinin ayrı-seçkilik siyasətləri nəticəsində Güney Azərbaycanın Türk Xalqı bu mədəndən heç bir fayda götürmür. İran rejimi mədəndən çıxarılmış xammalı Kirman vilayətinə aparır və ondan əldə edilən gəlirlə həmin bölgənin fars əhalisinin ciblərinə axır. Əvəzində isə kasıblıq və işsizliklə üzləşən Güney Azərbaycan Türkləri daha yaxşı yaşayış üçün başqa bölgələrə mühacirət etmək məcburiyyətində qalırlar.
Digər tərəfdən, Tehran hökumətinin rəsmiləri sistematik olaraq bu mədəndə kürdləri işə götürməklə, Azərbaycanın yeraltı sərvətlərinin çıxarıldığı bu böyük mədəni elə Azərbaycanın özü üçün təhdidə çevirirlər.
Ə.A