SON XƏBƏRLƏR

Güney azərbaycanlı fəal və vəkil Məhəmməd Güneyli uzunmüddətli həbs cəzasına məhkum olunub

2021.10.20, 07:36
Güney azərbaycanlı fəal və vəkil Məhəmməd Güneyli uzunmüddətli həbs cəzasına məhkum olunub

Gunaz.tv

GünAz TV: Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsi güney azərbaycanlı fəal və vəkil Məhəmməd Güneylini 6 il həbs cəzasına məhkum edib.

 

Fəal “özünü dövlət məmuru kimi təqdim edən səlahiyyətsiz şəxslərə gizli məlumat ötürmək” və “düşmən ölkələrlə irtibaq qurmaq və əməkdaşlıq etmək” ittihamları əsasında həbs cəzası ilə üzləşib. O birinci ittihama görə 4 il, ikinci itihama görə isə 2 il azadlıqdan məhrum edilib.

 

Hökm martın 9-da Məhəmməd Güneyli və onun vəkilinə elan olunub.

 

Azərbaycanlı vəkilin sonuncu məhkəmə iclası fevralın 23-də Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsində keçirilib.

 

Fəala qarşı irəli sürülən ittihamlara əsas verən dəqiq sənəd və faktlar olmadığı üçün məhkəmənin “Sepah”ın kəşfiyyat bölümünün təzyiqi altında qərar çıxardığı ehtimal olunur.

Bundan əvvə Məhəmməd Güneylinin vəkili Məcid Kuhpayə irəli sürülən ittihamları sübut edən heç bir dəlil və sənədin təqdim olunmadığını qeyd edərək bildirmişdir ki, “Sepah”dan fərqli olaraq hətta Şərqi Azərbaycanın Ettelaat İdarəsi Məhəmməd Güneylini casus kimi tanımadığını bildirib.

 

Fevralın 13-də Şərqi Azərbaycan Apellyasiya Məhkəməsinin 26-cı şöbəsində fəala qarşı irəli sürülən digər ittihama baxılıb. Apellyasiya Məhkəməsi fəalın “virtual məkanda yalan məlumat yaymaq və millətçilik zəminində mətləblər paylaşmaqla sistemin əleyhinə təbliğat aparmaq” ittihamına görə məhkum edildiyi 6 aylıq həbs qərarını olduğu kimi qüvvədə saxlamışdır.

 

Məhəmməd Güneyli Zəhra Nəvidpurun şübhəli ölümü ilə bağlı məhkəmə işini üzərinə götürmək üçün araşdırma apardığı zaman 2019-cu il yanvarın 24-də “Sepah”ın kəşfiyyat əməkdaşları tərəfindən saxlanmışdır. 11 ay cismi və ruhi işgəncələr altında saxlanılan azərbaycanlı vəkil 2019-cu il noyabrın 16-da 850 milyon tümənlik mülki vəsiqə qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.

Azərbaycanlı vəkil tutulmadan əvvəl, kimliyi məlum olmayan bir şəxs onunla telefon əlaqəsi saxlayaraq Zəhra Nəvidpurun şübhəli ölümü ilə bağlı məlumat verəcəyini bildirib. Vəkil 2019-cu il yanvarın 23-də onunla görüşmək üçün Məlikan şəhərinə gedib. O bir gün sonra “Sepah”ın kəşfiyyat əməkdaşları tərəfindən saxlanılmışdır.

 

Məhəmməd Güneyli saxlandıqdan sonra Vəkillər Kollegiyası Mərkəzi, məhkəmə hökmü ilə onun adını siyahıdan çıxarıb, onun vəkillik lisenziyası ləğv edilib.

 

Xatırladaq ki, Zəhra Nəvidpur həyatdaykən Məlikanın sözdə millət vəkili Salman Xudadadi tərəfindən 4 il cinsi təcavüzə məruz qalıb. Bu məsələni ifşa edən 28 yaşlı qız millət vəkili və onun əlaltıları tərəfindən təhdid edilmişdir. Zəhra Nəvidpurun cansız bədəni 2019-cu il yanvarın 6-da anasının evində tapılıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar