SON XƏBƏRLƏR

Güney azərbaycanlı millət vəkillərindən qondarma "DQR"nın rəsmisindən müsahibə alan “Şərq” qəzetinə Etiraz

2021.10.20, 07:36
Güney azərbaycanlı millət vəkillərindən qondarma "DQR"nın rəsmisindən müsahibə alan “Şərq” qəzetinə Etiraz

Gunaz.tv

GünAz TV: Xəbər verdiyimiz kimi, Tehranın “Şərq” qəzeti özünü qondarma Dağlıq Qarabağ Respublikasının (DQR) xarici işlər naziri kimi təqdim edən Masis Mailyandan müsahibə alıb, müsahibədə dağlıq Qarabağın müstəqil ölkə olduğu, bu ərazilərin ermənilərə aid olduğu dilə gətirilib.

 

Azərbaycanın ərazi bütövlüyünə qarşı yönələn müsahibə dekabrın 2-də qəzetin 3024 sayılı nəşrində dərc olunub. Müsahibə uzun illərdir “Azəriha” saytı və “Şərq” qəzetində Azərbaycan əleyhinə yazılar dərc edən Salar Seyfəddini tərəfindən alınıb.

 

“Şərq” qəzetinin Azərbaycan Respublikasına qarşı yaydığı müsahibə güney azərbaycanlı millət vəkillərinin sərt etirazına səbəb olub.

 

Urmiyənin İran parlamentindəki millət vəkili Nadir Qazipur “Yol Press” xəbər agentliyinə verdiyi müsahibədə Dağlıq Qarabağın islam torpağı və Azərbaycana aid olduğunu bildirib.

 

“Dağlıq Qarabağın işğalı məsələsi müzakirə yolu ilə öz həllini tapmalıdır. Biz bunu tələb edirik. Əgər seçkilər yolu ilə bir ölkə yarana bilərsə, o zaman Dağlıq Qarabağdan didərgin düşən insanların hamısı öz şəhər və kəndlərinə qayıtmalı, sonra seçkilər keçirilməlidir”- deyə o bildirib.

 

N.Qazipur “Şərq” qəzetinin anti-Azərbaycan hərəkətini qınayaraq bunu “Ölkənin ümumi mənafeyinə zidd” olduğunu deyib.

 

Xalxal şəhərinin İran parlamentindəki millət vəkili Bəşir Xaliqi də bu məsələyə öz etirazını bildirib. “Birinci ölkənin özü mövcud olmalıdır ki, o ölkənin xarici işlər naziri də təmsil etdiyi dövlətin gələcəyi ilə bağlı müsahibə versin. Biz Dağlıq Qarabağ adında bir ölkə tanımırıq. O zaman ölkənin rəsmi qəzeti nə üçün belə bir müsahibə almalıdır?!”- deyə o bəyan edib.

 

Azərbaycanlı millət vəkili həmçinin vurğulayıb ki, “belə müsahibələr nifaq salmağa yönəlib, bu hərəkət İranın xarici siyasəti və beynəlxalq qanunlara ziddir.”

 

İranın Azərbaycandakı keçmiş səfiri Dr. Əfşar Süleymani də Tehran qəzetinin yol verdiyi təxribata öz etirazını bildirib. O vurğulayıb ki, “Ermənistanın işğal altında saxladığı Dağlıq Qarabağ nəinki dövlət deyil, hətta dünyada heç bir ölkə onun muxtariyyət vəya müstəqilliyini tanımayıb. Ermənistanın ən önəmli müttəfiqi olan Rusiya belə Dağlıq Qarabağı müstəqil ölkə kimi tanımır.”

 

Keçmiş səfir “Şərq” qəzeti və ona müsahibə verən şəxsin İranla qondarma Dağlıq Qarabağ Respublikası arasında sərhədlərin açılması və iqtisadi-siyasi əlaqələrin yaranmasının mümkünsüz olduğunu deyərək belə sözlərin gündəmə gətirilməsini yalnış, qanunsuz və diplomatiyaya zidd adlandırıb.

 

“Şərq” qəzetinin Masis Mailyandan aldığı müsahibə ilə bağlı aşağıdakı xəbəri oxuya bilərsiniz:

İranın “Şərq” qəzeti qondarma DQR-nin rəsmisindən müsahibə alıb / D.Qarabağ müstəqil ölkə kimi təqdim olunub

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar