SON XƏBƏRLƏR

Güney azərbaycanlı vəkil və milli-mədəni fəalın üçüncü məhkəmə iclası keçirilib

2021.10.20, 07:36
Güney azərbaycanlı vəkil və milli-mədəni fəalın üçüncü məhkəmə iclası keçirilib

Gunaz.tv

GünAz TV: Həyatdaykən Məlikanın (Məlik kəndi) sözdə millət vəkili Salman Xudadadinin cinsi təcavüzünə məruz qalan Zəhra Nəvidpurun qətl hadisəsini araşdıran güney azərbaycanlı milli-mədəni fəal və vəkil Məhəmməd Güneylinin üçüncü məhkəmə iclası keçirilib.

 

Təbriz Məhkəməsinin 2-ci şöbəsində keçirilən iclasda irəli sürülən ittihamlarla bağlı prokurorluq və “Sepah”ın nümayəndələri də iştirak edib.

 

Hakim Cinayət Prosessual məcəlləsinin 280-cı maddəsinə uyğun olaraq fəalın ittihamlarından birini dəyişib. Bundan əvvəl düşmən ölkələrə casusluqda günahlandırılan Məhəmməd Güneylinin ittihamı İslam Cümhuriyyətinə düşmən olan dövlətlərlə irtibat qurmaq və əməkdaşlıq etməklə dəyişdirilib.

 

Azərbaycanlı vəkil prokurorluq tərəfindən hazırlanan iddianamədə “hökumətə müxalif olan qrupların xeyirinə olaraq sistemin əleyhinə təbliğat aparmaq və virtual məkanda İslam Cümhuriyyətinin əleyhinə yalan məlumat yaymaqla milli təhlükəsizliyi pozmağa cəhd götərmək”, “müəyyən rəsmi məlumatları səlahiyyəti olmayan şəxslərə ötürmək” və “İslam Cümhuriyyətinin əleyhinə düşmən dövlətlərə casusluq etmək” kimi qondarma ittihamlarla üzləşib.

 

Bundan əvvəlki məhkəmə iclasında azərbaycanlı fəalın vəkilləri dosyedə sözügedən dövlət rəsmisi və Məhəmməd Güneylinin sözdə əlaqədə olduğu dövlətlərin adının açıqlanması və iddianı sübut edən sənədlərin təqdim olunmasını tələb ediblər. Lakin proses zamanı tələb olunan sənədlər təqdim olunmayıb.

 

Hakim Ehrari ikinci məhkəmə iclasının sonunda azərbaycanlı fəalı “virtual məkanda yalan məlumat yaymaq və millətçilik zəminində mətləblər paylaşmaqla sistemin əleyhinə təbliğat aparmaq” ittihamına görə 6 ay həbs cəzasına məhkum edib. Hökmə Apellyasiya Məhkəməsində baxıla bilər.

 

Məhəmməd Güneyli Zəhra Nəvidpurun şübhəli ölümü ilə bağlı məhkəmə işini üzərinə götürmək üçün araşdırma apardığı zaman 2019-cu il yanvarın 23-də “Sepah”ın kəşfiyyat əməkdaşları tərəfindən saxlanmışdır. 11 ay cismi və ruhi işgəncələr altında saxlanılan azərbaycanlı vəkil 2019-cu il noyabrın 16-da 850 milyon tümənlik mülki vəsiqə qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.

 

O saxlandıqdan sonra Vəkillər Kollegiyası Mərkəzi məhkəmə hökmü ilə onun adını siyahıdan çıxarıb, onun vəkillik lisenziyası ləğv edilib.

 

Xatırladaq ki, Zəhra Nəvidpur həyatdaykən Məlikanın sözdə millət vəkili Salman Xudadadi tərəfindən 4 il cinsi təcavüzə məruz qalıb. Bu məsələni ifşa edən 28 yaşlı qız millət vəkili və onun əlaltıları tərəfindən təhdid edilmişdir. Zəhra Nəvidpurun cansız bədəni 2019-cu il yanvarın 6-da anasının evində tapılıb.

 

Azərbaycanlı vəkilin ötən məhkəmə iclasları noyabr və dekabr aylarında keçirilib. Onun dosyesi və məhkəmə prosesi haqda ətraflı məlumat almaq üçün aşağıdakı xəbərlərə mücariət edə bilərsiniz: 

Güney azərbaycanlı vəkil Məhəmmnəd Güneylinin məhkəmə iclası keçirilib

 

Güney azərbaycanlı vəkil Məhəmməd Güneylinin ikinci məhkəmə iclası keçirilib

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar