SON XƏBƏRLƏR

Heather Nauert: “Amerika, İranda məcburi hicaba qarşı etiraz edənləri dəstəkləyir”

2021.10.20, 07:36
Heather Nauert: “Amerika, İranda məcburi hicaba qarşı etiraz edənləri dəstəkləyir”

Gunaz.tv

GünAzTV: ABŞ Dövlət Departamentinin sözçüsü Heather Nauert, fevralın 2-də bəyanat yayaraq, son həftələrdə İranda məcburi hicaba qarşı etiraz edən qadınlara dəstək verib.

 

Bəyanatda bildirilir ki, rəsmi Vaşinqton, İran rejiminin məcburi hicab siyasətinə qarşı dinc mübarizəyə qalxan qadınları dəstəkləyir: “Amerika hökuməti İranda məcburi hicaba qarşı etiraz edən bütün qadınlara və kişilərə dəstək verir. Amerika hökuməti, həmçinin məcburi hicaba qarşı çıxaraq, hüquq və azadlıqlarını tələb etdiklərinə görə 29 qadının tutulub həbsə salınmasını pisləyir.

 

Amerika, həmişə olduğu kimi, yenə də dinlərin sərbəstliyinə, söz azadlığına, dinc toplantıların keçirilməsinə, haqq və ədalətə dəstək verir. Hesab edirik ki, insanlar öz geyimlərini seçməkdə, dini inanclarını istədikləri tərzdə yerinə yetirməkdə sərbəst olmalıdır. Çünki bu seçimin onların əlindən alınması, insanların müstəqilliyinin və hüquqlarının əzilməsi, onların alçaldılması deməkdir”.

 

Xatırladaq ki, qadınların məcburi hicaba qarşı dinc etirazına ay yarım əvvəl (deyin 6-da) start verilib. Bir uşaq anası olan Vida Müvəhhid adlı 31 yaşlı bir qadın, Tehranın İnqilab küçəsində baş örtüyünü açaraq hakimiyyətin qadınlara zorla qəbul etdirdiyi qara çarşaba öz etirazını bildirib. O, göstərdiyi bu şücaətinə görə sosial şəbəkələrdə “İnqilab küçəsinin qızı” adı ilə məşhurlaşıb və vətəndaşlar tərəfindən dəstəklənib. Həmin qadın, baş örtüyünü açdığına görə iki dəfə həbs edilsə də, sonradan şərti azadlığa buraxılıb.

 

 

Son günlərdə,  İranın müxtəlif şəhərlərində onlarla qadın “Məcburi hicaba yox” kampaniyasına qatılaraq, küçə və meydanlarda baş örüklərini açaraq hakimiyyətin məcburi hicab siyasətinə dinc etirazlarını bildirirlər.

 

Qeyd edək ki, İran İslam Respublikasında ictimai yerlərdə baş örtüyünü açan qadınlara cinayət işi açılır. Belə qadınlar, həbs zamanı polis zorakılığına məruz qalır, həbsxanada müxtəlif təhqir, təzyiq və təhdidlərlə üzləşir, 10 gündən iki aya qədər həbsə və pul cəriməsinə məhkum edilirlər.

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar