SON XƏBƏRLƏR

“Həft Təpə” şəkər qamışı zavodunun işçilərinin etirazları davam edir

2021.10.20, 07:36
“Həft Təpə” şəkər qamışı zavodunun işçilərinin etirazları davam edir

Gunaz.tv

GünAz TV: “Həft Təpə” şəkər qamışı zavodunun işçilərinin etirazları artıq 4-cü gündür ki, davam edir.

 

Zavodun həmkarlar ittifaqının yaydığı məlumata görə, işdən qovulmuş 21 nəfərin yenidən müqavilələrinin uzadılması tələbi ilə etiraz edən fəhlələri polis əhatəyə alıb.

 

Məlumatlarda bildirilir ki, işdən çıxarılanlar daha öncələr keçirilmiş aksiyalarda iştiraklarına görə həbs edilən və şallaq cəzasına məhkum edilən fəhlələrdirlər.

 

Bir neçə etirazçı son günlər ərzində Şuş polis idarəsinə çağırılıb. Onlar etirazlardan əl çəkmək üçün təhdid ediliblər.

 

Həmkarlar ittifaqı fəhlələrin aksiyasına dəstək verməklə yanaşı, onların təhdid edilməsi, qorxudulması və ya polisə çağırılmasını kəskin şəkildə qınayıb.

 

Daha öncələr yayılan məlumatlarda isə bildirilirdi ki, şirkətin rəhbərliyi etiraz aksiyaları keçirdikləri təqdirdə, əməkhaqlarının kəsiləcəyi və ya işdən uzaqlaşdırılacaqları barədə fəhlələrə xəbərdarlıq edib.

 

Digər tərəfdən, yerli media orqanlarına etirazlar haqqında danışan “İslami Ali Əmək Şuraları Mərkəzi”nin müdir müavini Əli Xudayi “Həft Təpə” və “Hepko” kimi şirkətlərdə böyük maliyyə problemlərinin olduğunu deyib. Onun sözlərinə görə, etirazlara yol açan problemlərin yaranmasına səbəb bu cür şirkətlərin özəlləşdirilməsidir.

 

Qeyd etmək lazımdır ki, sözügedən zavodun fəhlələri son aylar ərzində əməkhaqlarının gecikdirilməsi və aşağı olması, eləcə də ağır iş şəraitinə görə, dəfələrlə etiraz aksiyaları təşkil ediblər. Onlardan İsmayıl Bəxşi başda olmaqla, bir neçəsi ağır həbs cəzalarına məhkum ediliblər.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar