SON XƏBƏRLƏR

Həmas İranın Qəzzada tikdiyi binaların açılış mərasimini keçirib

2021.10.20, 07:36
Həmas İranın Qəzzada tikdiyi binaların açılış mərasimini keçirib

Gunaz.tv

GünAz TV: Fransa xəbər agentliyinin məlumatına görə, Həmasın İsrail tərəfindən həbs edilmiş məhkumlarla iş üzrə naziri yanvarın 17-də azad edilmiş bir neçə fələstinliyə İranın ayırdığı pul ilə tikilən binalarda mənzillərin təqdim edilmə mərasiminin keçirildiyini deyib.

 

Həmasın rəsmisi həmçinin İranın ayırdığı pul vasitəsi ilə digər tikinti layihələrin icra ediləcəyini də bildirib. İlkin mərhələdə 125 nəfər arasından püşk atma yolu ilə seçilən bir neçə azad olunmuş fələstinliyə Qəzza Zolağının cənub hissəsində tikilmiş binada 26 mənzil təqdim edilib.

 

İsrail həbsxanalarında saxlanan fələstinli məhkumların əksəriyyəti beynəlxalq ictimaiyyət tərəfindən terrorist qruplaşmalar kimi tanınan Fələstin qruplaşmalarının üzvləridir və onların İsrail vətəndaşlarının ölümündə əlləri var. İsrail dəfələrlə bəyan edib ki, azad edilən fələstinlilər yenə də müxtəlif qruplaşmalardakı fəaliyyətlərinə geri dönürlər və əvvəlkindən də radikal olurlar.

 

Rəsmi Tehranın Həmas kimi digər qruplaşmalara köməyi uzun illər əvvəl başlayıb. Bu əlaqələrin qısa tarixinə nəzər salsaq görərik ki, 2006-cı ildə Tehranda “3-cü Beynəlxalq Qüds Konfransı və Fələstin xalqının hüquqlarının müdafiəsi” adlı tədbirdə o dövr İran xarici işlər naziri olan Mənüçöhr Mottəki ölkəsinin Həmasa 50 milyon dollar yardım ayırdığını elan etmişdi.

 

2006-cı ildə Həmasın tanınmış simalarından olan İsmail Həniyə Tehrana etdiyi səfərdən sonra İranın qruplaşmaya 250 milyon dollar yardım ayırdığını demişdi.

 

2011-ci ildə “Viki- Liks”in sızdırdığı sənədlərdə İranın aylıq olaraq Həmasa 25 milyon dollar pul verdiyi qeyd edilirdi.

 

2016-cı ildə İranın Livandakı səfiri Məhəmməd Fəthəli ölkəsinin “Fələstin azadlıq hərəkatı”nın hər bir “şəhid”inə 7 min dollar pul vermək barədə qərar qəbul etdiyini bəyan etmişdi.

 

Həmas qruplaşması və digər silahlı birləşmələr İranın ayırdığı bu pulları həbsdən azad edilmiş fələstinliləri öz sıralarına daxil etmək üçün istifadə edirlər.

 

Həmasın İran tərəfindən Qəzza Zolağında keçmiş məhkumlara ev tikilməsi ilə bağlı xəbəri fələstinli rəsmilərin Tehrana etdiyi səfərdən cəmi 1 ay sonra bəyan edilir. Xatırladaq ki, 2007-ci ildən Qəzza Zolağında hakimiyyəti ələ almış Həmas qruplaşmasının keçmiş xarici işlər naziri Mahmud Əzzəhar təqribən 1 ay öncə Tehrana səfər edərək, burada İran XİN-in rəhbəri Məhəmməd Cavad Zərif də daxil olmaqla, bəzi rəsmilərlə görüşlər keçirmişdi.

 

Bundan əlavə, 2 həftə öncə isə “Fələstin İslami Cihad Təşkilatı”nın nümayəndə heyəti də Tehrana səfər edərək, burada “dini lider” Əli Xamneyi başda olmaqla, bir çox rəsmilərlə görüşlər keçirmişdi. Fələstinli heyətlə görüşən İran hüquq-mühafizə qüvvələrinin komandanı Hüseyn Əştəri başçılıq etdiyi qurumun Fələstində fəaliyyət göstərən qruplaşmalara hərbi təlimlər keçməyə hazır olduğunu bildirmişdi.

 

Qeyd edək ki, İranın bir çox bölgələrində əhalinin həyat şəraiti minumum standartlara belə cavab vermədiyi halda, rəsmi Tehran digər ölkələrdə terrorçu fəaliyyətləri dəstəkləmək və öz geostrateji maraqlarını təmin etmək üçün öz əhalisinin yaşayış səviyyəsini yaxşılaşdırmaq əvəzinə, terror təşkilatlarına milyardlarla dollar vəsait ayırır. Xüsusilə də hazırda Amerikanın İrana qarşı sanksiyaları yenidən tətbiq etməsindən sonra ölkədə iqtisadi vəziyyət kəskin olaraq ağırlaşıb, bir çox müəssisələr bağlanıb, bəzi iş yerlərində və ölkənin bir çox bölgələrində əmək haqlarının verilməməsinə və aşağı həyat şəraitlərinə görə insanlar etiraz aksiyaları keçirirlər.

 

Bundan başqa, bu həftə İranın yeni Yol və Şəhərsalma naziri “Fars” xəbər agentliyinə bildirmişdi ki, ölkənin evsiz olan təbəqəsi aylıq gəlirlərinin 80%-ni ev icarəsinə ödəyirlər: “Bizim xalqımızın bu təbəqəsinin qəti istəyi mənzildir, onlar mənzil istəyir”- deyə o, əlavə etmişdi.

 

Xatırladaq ki, Həmas Amerika və Avropa tərəfindən rəsmi olaraq terrorist qruplaşma kimi tanınır.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar