SON XƏBƏRLƏR

“Hərəm müdafiəçiləri”dən etiraf: “Biz noyabr etirazlarının qan bahasına yatırılmasında iştirak etməyə məcbur idik”

2021.10.20, 07:36
“Hərəm müdafiəçiləri”dən etiraf: “Biz noyabr etirazlarının qan bahasına yatırılmasında iştirak etməyə məcbur idik”

Gunaz.tv

GünAz TV: İranın “Hərəm müdafiəçiləri” adlandırdığı yaraqlı qruplaşmalarla bağlı xəbərləri dərc edən “müdafiəçilərin səsi” saytı maraqlı etirafla çıxış edib.

 

Saytın yaydığı məlumatda bildirilir ki, “hərəm müdafiəçiləri”nin çoxu İranda 2019-cu ilin noyabr ayında baş tutmuş xalq etirazlarının qan bahasına yatırılmasında iştirak etməyə məcbur qalıblar.

 

Saytın yazdığı mətndə əsasən yaraqlıların dövlət rəsmilərindən gileyləndikləri nəzərə çarpır:

 

“Görürük ki, dövlət rəsmiləri yenə də ölkə xalqı ilə mübarizə üçün hərəm müdafiəçilərini ilk sıralara göndərirlər, amma özləri baş verən hadisələrə görə heç bir məsuliyyət qəbul etmirlər. Noyabr ayında şahidi olduğumuz kimi, sosial etirazlar qarşıdurmalara çevrildi. Bizlərdən çoxu həmin vaxt proseslərə qoşulmağa məcbur olduq. Hadisələr zamanı bizlərdən Murtuza İbrahimi kimi bir neçə şəxs öldürüldü. Bu etirazlar zamanı bir daha gördük ki, hərəm müdafiəçiləri qurban gedir, dövlət rəsmiləri isə heç bir məsuliyyət qəbul etmirlər”, - deyə xəbərdə qeyd edilir.

 

Sayt həmçinin “dövlət adamlarının hərəm müdafiəçiləri və ailələrinə qarşı qeyri-səmimi davaranışları və hörmət bəsləməmələrindən, öldürülənlərin ailələrinin maddi imtiyazlardan yararlana bilməmələrindən”, eləcə də yarıtmaz dövlət idarəçiliyi və tədbirsizliklərindən şikayətlənib.

 

Mətnin sonunda bildirilir ki, noyabr etirazlarında olduğu kimi, Ukrayna təyyarəsi hadisəsində də dövlət rəsmilərinin bütün məsuliyyəti “Sepah” və “hərəm müdafiəçiləri”nin üzərinə yıxıb, özlərinin məsuliyyətdən qaçmalarına imkan vermək olmaz.

 

Xatırladaq ki, Reuters xəbər agentliyi noyabr etirazları zamanı İran təhlükəsizlik qüvvələrinin 1500 insanı güllələyərək qətlə yetirdiyi barədə məlumat yaymışdı. Rəsmi Tehran isə etirazlar zamanı ölən, yaralanan və həbs edilənlərlə bağlı statistikanı açıqlamayıb.

 

“Hərəm müdafiəçiləri” adlanan yaraqlılar “Sepah”ın Suriyada Bəşər Əsəd rejimini qoruyub saxlamaq üçün Pakistan, Əfqanıstan, Livan, İraq və İran vətəndaşlarından təşkil etdiyi silahlı qruplaşmalara deyilir. İran bu yaraqlıların yalnız Suriyada dini məbədləri qoruduqlarını iddia etsə də, onların Bəşər Əsəd qüvvələrinin kənarında Suriya xalqına qarşı həyata keçirilən qırğınlarda iştirak etdiklərinə dair çoxlu görüntü və sübutlar var.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar