SON XƏBƏRLƏR

Həsən Ruhani: “Qaçaqmalçılıqla mübarizə üçün cənub sərhədlərini Sepaha verdik, onlar isə hər 10 qaçaqmalçıdan 1-ni tutur”

2021.10.20, 07:36
Həsən Ruhani: “Qaçaqmalçılıqla mübarizə üçün cənub sərhədlərini Sepaha verdik, onlar isə hər 10 qaçaqmalçıdan 1-ni tutur”

Gunaz.tv

GünAz TV: İran prezidenti Həsən Ruhani bu gün Gilan vilayətinin İdari Şurasında çıxışı zamanı “Sepah”ın qaçaqmalçılıqla mübarizə istiqamətində effektiv mübarizə apara bilmədiyini deyib.

 

Həsən Ruhaninin sözlərinə görə, “cənub sərhədləri qaçaqmalçılıqla mübarizə üçün Sepaha tapşırılsa da, onlar 10 haldan 1-də qaçaqmalçı tuta bilir, o isə əllərindən qaçır. Çox qəribə işdir”.

 

Bundan əvvəl də keçmiş prezident Mahmud Əhmədinejad da daxil olmaqla, bir çox iranlı rəsmi, eləcə də müxtəlif media orqanları “Sepah”ın qaçaqmalçılarla əlbir olduğunu, bəzi hallarda bu qurumun öz üzvlərinin qaçaqmalçılıqla məşğul olduğunu bəyan ediblər. Baxmayaraq ki, ötən ilin mart ayında Həsən Ruhani də “Sepah”ı buna görə tənqid etmişdi, lakin sonradan Bəndər Abbasa səfəri zamanı cənub sərhədlərində “qaçaqmalçılıqla mübarizə”nin rəsmən bu quruma həvalə edildiyini elan etmişdi. Ondan əvvəl isə bu sahədə fəaliyyət göstərən qurum İran Prezident Aparatı yanında fəaliyyət göstərən Valyuta və Əmtəə Qaçaqmalçılığı ilə Mübarizə Mərkəzi idi.

 

Həsən Ruhaninin bu elanından sonra “Sepah”ın sözçüsü Ramazan Şərif tezliklə “fəaliyyət mezanizmi” və niyə bu səlahiyyətlərin təmsil etdiyi quruma həvalə edilməsi ilə bağlı açıqlama edəcəyini bildirsə də, sonra bu məsələ ilə bağlı heç bir məlumat verilmədi.

 

İran prezidenti bu günki çıxışında “qeyri-qanuni” maliyyə müəssisələrinin iflas etməsi ilə bağlı məsələyə də toxunub və bildirib ki, “insanlar küçələrə axışıb şüarlar səsləndirdilər, buna görə də ETTELAT (İran Kəşfiyyat Nazirliyi- red.) bu məsələnin arxasında kimlərin dayandığı ilə bağlı 10 cild kitab yazıb, izahat verməlidir”.

 

Xatırladaq ki, ötən illər ərzində İranda maliyyə və kredit müəssisələrinin bir çoxunun iflas etdiklərini elan etməsi depozitorların kəskin etirazı ilə qarşılanmışdı. Bu, daha sonra İranda 2017-ci ilin dekabr ayından 2018-ci ilin yanvar ayına qədər davam edən kütləvi etiraz aksiyalarına çevrilmişdi. Həsən Ruhani bu məsələ ilə bağlı ətraflı danışmayıb və “məsələnin axrasında dayanan” şəxslərin adlarını çəkməyib.

 

İran prezidenti ölkədə ət çatışmazlığı və qiymətlərinin yüksək olmasına da toxunub və heç bir qurumun adını çəkmədən, bildirib ki, ət qaçaqmalçılığı ilə məşğul olanlar heyvanları qaçaq yolla aparıb İraqda iki dəfə baha satırlar, buna görə də ölkədəki qəssabxanalarda ət çatışmazlığı yaranır.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar