SON XƏBƏRLƏR

Hukdan Səttar Behiştinin ad günü münasibətilə mesaj: “Amerika və İran xalqları dostdurlar”- FOTO

2021.10.20, 07:36
Hukdan Səttar Behiştinin ad günü münasibətilə mesaj: “Amerika və İran xalqları dostdurlar”- FOTO

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin İran üzrə Xüsusi İşçi Qrupunun rəhbəri Brayan Huk  “Amerika və İran xalqlarının dost” olduğunu bəyan edib.

 

Avqustun 23-də Dövlət Departamentinin “Twitter”də fars dilində fəaliyyət göstərən rəsmi səhifəsində paylaşılan video müraciətdə Huk işçi fəal Səttar Beheştinin qanunsuz həbsi və həbsxanada işgəncə nəticəsində öldürülməsindən bəhs etdikdən sonra bildirib: “Bu gün biz Səttarın xatirəsinə ehtiram əlaməti olaraq, İran ilə Amerika xalqları arasında dostluq gününü rəsmən elan edirik.”

 

Bu video Səttar Beheştinin anası Gövhər Eşqinin Amerika prezidenti Donald Trampa yazdığı açıq məktubun dərc edilməsindən 1 gün sonra paylaşılıb. Gövhər Eşqi həmin məktubda Trampa xitabən oğlunun ad gününün- yəni avqustun 23-nün rəsmən “İran ilə Amerika xalqları arasında dostluq günü” kimi tanınmasını istəmişdi.

 

Xatırladaq ki, Səttar Beheşti 2012-ci il oktyabrın 30-da “sosial şəbəkələrdə, xüsusən Facebookda milli təhlükəsizlik əleyhinə fəaliyyət” ittihamı ilə həbs edilmişdi. O, İranın kiber cinayətkarlıqla mübarizə polisi tərəfindən naməlum məkanda işgəncələrə məruz qaldıqdan 3 gün sonra, ifadə verərkən ölmüşdü.

 

Gövhər Eşqi Əli Xamneyinin əvəzinə Donald Trampa məktub yazmasının səbəbini belə açıqlayıb: “Mənə görə, Xamneyi artıq ölüdür. O, yalan danışdığı gündən, əlini xalqın qanına batırdığı gündən ölüb.”

 

 

O, həmçinin oğlunun qatilləri olan polislərin cəzalandırılması üçün çox çalışdığını, lakin heç bir nəticə əldə edə bilmədiyini, ölkədə ədalətli məhkəmə sisteminin olmadığını da vurğulayıb.

 

Xanım Eşqi məktubda İranda yaşayan bütün insanların Xamneyinin və onun məmurlarının girovunda olduğunu, eləcə də bütün dünyanı sevdiyini, yalnız İran İslam Respublikası siyasi quruluşuna və onun rəhbərlərinə ölüm arzuladığını qeyd edib.

 

Brayan Huk videonun sonunda İranda yaşayan bütün insanlara xitabən bildirib: “Biz sizin səsinizi eşidirik. Biz sizin təməl hüquqlarınıza çatmaq üçün apardığınız mübarizəni dəstəkləyirik. Bütün ölkələrə xatırladırıq ki, İran rejiminin ən böyük qurbanı İran xalqıdır.”

 

Səttar Beheştinin ölüm xəbəri yayıldıqdan sonra Evin həbsxanasında məhkumluq həyatı yaşayan siyasi məhbusların hamısı bəyan etmişdilər ki, o, 2012-ci ilin oktyabrın 31-i və noyabrın 1-i tarixlərində bu həbsxananın 350 saylı kamerasında (otaq-red.) olub və onun bədənində məruz qaldığı fiziki işgəncə izləri mövcud olub.

 

Onun anası oğlunun ölümündən sonra ölkədə mühüm siyasi-ictimai fəallardan birinə çevrilib. Xanım Eşqi həmçinin Xamneyinin istefaya çağıran və İslam Respublikası siyasi sisteminin ləğv edilməsini tələb edən bəyanatı imzalayanlardan 14 nəfərdən biridir.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar