SON XƏBƏRLƏR

Tikantəpədə mədənlərin talanması etiraz doğurdu

2021.11.12, 12:03
Tikantəpədə mədənlərin talanması etiraz doğurdu

Gunaz.tv

Kəndlilər mədən istismarında qaydalara riayət olunmadığı üçün bölgə əhalisinə ziyan dəydiyini, əkin sahələri və ekologiyanın çirkləndiyini, onsuz da bərbad durumda olan yollarının mədənçilərin ağır texnikaları vasitəsilə dağıdıldığını deyiblər.

Yerli sakinlərlə birgə aksiyada iştirak edən ətraf mühit fəalları bölgə mədənlərindən istixrac qaydalarının qeyri-standart olduğunu, ətraf mühitin qorunmasına əhəmiyyət verilmədiyini bildiriblər.

Qeyd edək ki, Tikantəpə bölgəsi zəngin mədənlərə malikdir. Burada istixrac proseslərinin qaydasız həyata keçirilməsi yerli əhali və bölgə ekologiyasına ciddi ziyan vurub.

Buna görə də əhali mövcud duruma etiraz edir. Sakinlər bildirib ki, gözlərinin qarşısında sərvətləri talan olunsa da bölgədə işsizlik problemi var.

Mədən işlərinə mərkəzi əyalətlərdən gətirilən işçilərin cəlb olunması da narazılıq doğurub.

Tikantəpə Yaxın Şərqdə Zərəşoran və Ağdərə kimi iki ən böyük qızıl, həmçinin 80 daş mədəninə sahibdir. Lakin İran rejiminin ayrı-seçkilik siyasəti nəticəsində bura ölkə üzrə ən ağır iqtisadi durumda olan bölgələrdən biridir.

Tikantəpəni əyalət mərkəzi ilə birləşdirən normal yol belə mövcud deyil.

Zərəşoran mədəninin səhmdarları və sahibləri ölkənin mərkəzində yerləşən, farsların üstünlük təşkil etdiyi əyalətlərdəndir.

Onlar mədəndən hasil edilən xam məhsulu ölkənin mərkəzinə göndərirlər, beləliklə, ondan əldə edilən gəlirlərdən İsfahan, Kirman, Yəzd və Tehran kimi əyalətlər faydalanır.

C.E
 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar