SON XƏBƏRLƏR

İnzibati komitənin rəisi də Futbol Federasiyasının rəisinə oxşar açıqlama verdi – “Traxtur” klubunun şikayti ilə bağlı

2021.10.20, 07:36
İnzibati komitənin rəisi də Futbol Federasiyasının rəisinə oxşar açıqlama verdi – “Traxtur” klubunun şikayti ilə bağlı

Gunaz.tv

GünAz TV: Xəbər verdiyimiz kimi, Güney Azərbaycanın “Traxtur” futbol komandası 19-cu super liqa yarışlarının 2-ci həftəsində (avqustun 30-da) Tehranın “Perspolis” komandasını qəbul etmişdir.

 

“Perspolis”in qapıçısı Əlirza Biranvənd komandası 1:0 hesabı ilə Azərbaycan komandasına məğlub olduqdan sonra üzünü “Traxtur” tərəfdarlarına tutaraq nalayiq və əxlaqsız bir hərəkətə yol vermişdir. “Traxtur” klubu azərbaycanlıların kəskin etirazına səbəb olan məsələyə görə Futbol Federasiyası və Liqa Təşkilatına şikayət edib.

 

Şikayətdən bir neçə gün sonra İran Futbol Federasiyasının rəisi Mehdi Tac, Əlirza Biranvəndin səhənd stadionunda yol verdiyi nalayiq hərəkətinə haqq qazandırmağa çalışdı. O bildirdi ki,“cənab Biranvənd bu haqda müsahibə verib. “Perspolis” klubu da bu barədə bildiriş yayıb. Bildirilib ki, onun heç bir məqsədi olmayıb, o üzr də istəyib.”

Mehdi Tac “Perspolis”in qapıçısının tərəfini tutaraq üzr istəməyin cəzalandırmaqdan daha yaxşı olduğunu bildirmişdir.

 

Əlirza Biranvənd

 

“Perspolis” oyunçusunun bağışlanması ehtimalı üzə çıxınca “Traxtur” klubunun hüquqi məsələlər üzrə müavini bu məsələyə öz münasibətini bildirdi. Mustafa Karəndiş “Vərzeş 3” idman saytına verdiyi açıqlamada vurğulayıb ki, Futbol Federasiyasının İnzibati Xətalar Məcəlləsində bağışlanmaq haqqında hansısa qanun yoxdur. Belə bir qanun İslam Cəza Qanunlarında olsa da, onunla bu işin heç bir əlaqəsi yoxdur. Ona görə də qanunu gözardı etmək olmaz. Bu baş verərsə, səliqəyə uyğun qərar vermək mənasına gələcək.

 

Futbol Federasiyasının İnzibati Komitəsinin rəisi İsmail Həsənzadə isə sentyabrın 9-da Federasiyanın rəisinə oxşar açıqlama verib.

“Qapıçının rəftarından xəbərdar olduq. “Traxtur” klubunun şikayətinə ehtiyac yox idi. Belə rəftarlar baş verdiyi zaman biz onu araşdırıb və qərar veririk.

Hələlik bizə “Traxtur” klubu tərəfindən heç bir şikayət daxil olmayıb. Ola bilsin ki, onlar şikayət məktubunu Liqa Təşkilatına göndərib. Əlirza Biranvənd həmin hərəkətinə görə İnzibati Komitəyə heç bir açıqlama verməyib. Onun mətbuata verdiyi açıqlamalar, hətta federasiya rəisinin söhbətləri nəyəsə təsir edə bilər. Lakin İnzibati Komitə qarşı tərəfi dindirdikdən sonra bu barədə qərar verəcək. Bu günə qədər Əlirza Biranvənd və “Perspolis” komandasının mövqeyi və ya hansısa açıqlaması bizə elan olunmayıb. İnzibati Komitənin bu işə baxması üçün müəyyən prosedur keçməlidir.”- deyə o bildirib.

Komitə rəisi sözlərinin arasında vurğulayıb ki, kimsə hansısa xətaya yol verdikdən sonra peşman olduğunu bildirərsə, bu onun barəsində çıxarılan qərara təsir edəcək.

 

Əlirza Biranvəndin yol verdiyi nalayiq hərəkət:


https://www.youtube.com/watch?time_continue=3&v=3QRwotRJyzI

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar