SON XƏBƏRLƏR

İnzibati məhkəmə dövlətin etiraz aksiyalarının təşkili üçün məkan ayrılmasıyla bağlı qanununu qüvvədən salıb

2021.10.20, 07:36
İnzibati məhkəmə dövlətin etiraz aksiyalarının təşkili üçün məkan ayrılmasıyla bağlı qanununu qüvvədən salıb

Gunaz.tv

GünAz TV: İran İnzibati Ədalət Məhkəməsi Nazirlər Kabinetinin etiraz aksiyalarının keçirilməsi üçün münasib məkanların təyin edilməsiylə bağlı qəbul etdiyi qanunun qüvvədən salınmasıyla bağlı qərar qəbul edib.

 

Məhkəmənin hökmündə qeyd edilir ki, etiraz aksiyalarının keçirilməsinə icazə vermək “Partiyaların 10-cu Maddə Komissiyası”nın səlahiyyətləri daxilindədir. Buna görə də, dövlətin qəbul etdiyi qanun bu komissiyaya aid qanunlarla ziddiyyət təşkil edir.

 

İranın Nazirlər Kabineti 2018-ci ilin iyun ayında Tehranda bir neçə stationun və parkın etiraz aksiyalarının keçirilməsi üçün ayrılması barədə qanun layihəsi qəbul edilmişdi. Həmin qanuna əsasən, ayrılan məkanlar şəhərin daxilində yerləşməli, onun ərazisi qatılan etirazçıların sayı ilə mütənasib olmalı, xilasetmə qüvvələrinin təcili gələ bilməsi üçün yaxın ərazilərdə yerləşməli, eləcə də həmin ərazilərdə polis və xüsusi xidmət orqanlarının asayişi qorumaq üçün fəaliyyət göstərmələrinə münasib şərait olmalı idi. Milli Məclisin şimal tərəfi də həmin münasib məkanlardan biri kimi təyin edilmişdi.

 

Xatırladaq ki, 2017-ci ilin sonlarında İranın 160-dan çox şəhər və rayonunda başlamış etiraz dalğalarından sonra Tehran Şəhər Şurası 2018-ci ilin yanvarın 7-də xalq etirazlarının keçirilməsi üçün məkan təyin edilməsiylə bağlı qərar qəbul etmişdi. Lakin Daxili İşlər Nazirliyi qərarda bu etirazların “təhlükəsizlik və siyasi akpektlərinə diqqət yetirilməməsini” tənqid etmişdi.

 

Ötən illər ərzində İranın müxtəlif şəhər və rayonlarında yarıtmaz siyasət, ağır iqtisadi durum, siyasi repressiyalar və digər bu kimi səbəblərə görə, insanlar dəfələrlə dövlət idarələri qarşısında etiraz aksiyaları keçiriblər.

 

İran İslam Respublikasının konstitusiyasının 27-ci maddəsinə əsasən, “silahsız və islam dininin qaydalarına zidd olmayan hər növ etiraz aksiyası və yürüş keçirmək sərbəstdir”. Bununla belə, İran rəsmiləri bildirirlər ki, etiraz aksiyalarının keçirilməsi üçün Daxili İşlər Nazirliyindən icazə alınmalıdır.

 

Digər tərəfdən, İran qanunlarında bu istiqamətdə icazənin verilməsi üçün çətin şərtlər var və Daxili İşlər Nazirliyinə icazə üçün müraciət edənlərin əksəriyyətinə müsbət cavab verilmir.

 

Partiyalar haqqında qanuna görə, mitinq və ya yürüş keçirmək istəyən partiya və qruplar zaman və məkandan savayı, təşkilatçılar haqqında da DİN-ə müfəssəl məlumat verməlidirlər.

 

Ümumiyyətlə, ötən illər ərzində icazəli mitinqləri təşkil edənlər və iştirakçılar arasında yüzlərlə insanın polis tərəfindən saxlanması halları var.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar