SON XƏBƏRLƏR

“İqtisadi mənbələrin Güney Azərbaycandan çıxarılmaması üçün yerli banka ehtiyac var”

2021.10.20, 07:36
“İqtisadi mənbələrin Güney Azərbaycandan çıxarılmaması üçün yerli banka ehtiyac var”

Gunaz.tv

GünAz TV: Şərqi Azərbaycan Qida Sənayesi Dərnəyinin rəisi iqtisadi mənbələrin Güney Azərbaycandan çıxarılmaması üçün bölgə üçün çalışan banka ehtiyac olduğunu bildirib.

 

Yunis Jaelə bu barədə dövlət və özəl sektor nümayəndələrinin keçirdiyi iclasda danışıb.

 

“Təbriz heç yaxşı vəziyyətdə deyil! Bizim Təbriz gün keçdikcə daha da kiçilir və işsizlərin sayı artır. Artıq standart məhsul buraxan 2400 sənaye müəssisəsinin sayı 802-yə düşüb”- deyə o bildirib.

 

Yunis Jaelə Şərqi Azərbaycan istehsal müəssisələrində yaşanan likvidlik yetərsizliyinə işarə edərək əlavə edib ki, mərkəzi Tehranda olan çox sayda özəl bank əyalətin iqtisadi mənbələrini cəlb edərək bölgədə deyil, Tehranda sərmayə yatırır. Hesab edirəm ki, bu barədə tədbir alınmalıdır, banklar tərəfindən cəlb olunan iqtisadi mənbələr əyalətə qaytarılmalıdır.

 

Şərqi Azərbaycan Qida Sənayesi Dərnəyinin rəisi prezident Həsən Ruhaninin iqtisadiyyat işləri üzrə müavininə xitabən açıq danışıb. “Bizim valilərin səlahiyyətini artırın və banklarla bağlı işləri əyalətlərə buraxın. İcazə verməyin əyalətlərin iqtisadi mənbələri bölgədən çıxarılsın!”- deyə o vurğulayıb.

 

Qeyd edək ki, əyalət rəhbərliyinin səlahiyyətlərinin artırılması məsələsi davamlı olaraq Azərbaycan əhalisi tərəfindən gündəmə gətirilir. Son vaxtlar Şərqi Azərbaycanın keçmiş valisi Məcid Xudabəxş və Təbrizin millət vəkili Məsud Pezeşkiyan da bu məsələyə toxunaraq əyalətlərin rəhbərliyinə daha çox səlahiyyət verilməsini tələb etmişdilər. Hazırda əksər qərarlar Tehranda verildiyi üçün, əyalətlər, xüsusi ilə də dövlət tərəfindən ayrı-seçkiliyə məruz qalan Azərbaycan əyalətləri iqtisadi baxımdan inkişaf edə bilmir. Bank sisteminin mərkəzdən asılı olması bölgə iqtisadiyyatı üçün ağır zərbə hesab olunur.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar