SON XƏBƏRLƏR

İran Ali Məhkəməsi 8 İŞİD-çiyə çıxarılan ölüm hökmünü təsdiqləyib

2021.10.20, 07:36
İran Ali Məhkəməsi 8 İŞİD-çiyə çıxarılan ölüm hökmünü təsdiqləyib

Gunaz.tv

GünAzTV: İran Ali Məhkəməsi bir il əvvəl İran parlamentinə və islam respublikasının qurucusu axund Ruhullah Xomeyninin məqbərəsinə silahlı hücum edən 8 İŞİD-çiyə, Tehran inqilab məhkəməsinin çıxardığı ölüm hökmünü təsdiqləyib.

 

Bu barədə, Tehran inqilab məhkəməsinin sədri axund Musa Qəzənfərabadi iyunun 11-də jurnalistlərə açıqlama verib. O bildirib ki, hər iki hücumda ümumilikdə 26 nəfər günahlandırılır: “Bu 8 nəfər, islam hakimiyyətinə qarşı silahlı üsyan etdiklərinə görə inqilab məhkəməsi tərəfindən edama məhkum ediliblər. Onlara çıxarılan ölüm hökmü yaxın vaxtlarda icra ediləcək. Hücumlarda iştirak edən digər 18 müttəhimin işinə isə yaxın vaxtlarda baxılacaq”.

 

Axund Musa Qəzənfərabadi

 

Xatırladaq ki, 2017-ci il, iyunun 7-si sübh saat 10.30 radələrində İran parlamentinə və Tehranın  “Behişti-Zəhra” qəbiristanlığında yerləşən Xomeyni məqbərəsinə qarşı silahlı hücum edilib. 4 silahlı şəxs, İran parlamentinin giriş qapılarındakı mühafizəçi qüvvələrə tapança və kalaşnikovdan atəş açaraq deputatların toplandığı zala girməyə çalışıblar.  Atışma zamanı hücumçulardan biri özünü partladıb, 3-ü isə parlament binasının şimal hissəsindəki korpuslardan birinə qaçaraq 4-cü mərtəbədə mövqe tutub atışmanı 5 saata qədər davam etdiriblər.

 

Eyni hücum, Xomeyninin məqbərəsinə də edilib. Bir neçə silahlı şəxs məqbərəyə yaxınlaşaraq mühafizəçi qüvvələrə odlu silahlardan atəş açıblar. Hücumçulardan biri isə özünü partladıb. Hər iki olayda ən azı 17 nəfər həyatını itirib, 37 nəfər yaralanıb. Hadisədən az sonra İŞİD qruplaşması bəyanat yayaraq hər iki hücumun məsuliyyətini üzərinə götürüb.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar