İran rejimi ABŞ prezidenti Donald Trampa və Amerikanın daha 9 yüksək səviyyəli sabiq və indiki rəsmisinə qarşı sanksiya tətbiq edib.
Gunaz.tv
Bu barədə, İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə yanvarın 19-da mediaya açıqlamasında məlumat yayıb.
Səid Xətibzadənin bu açıqlaması, Donald Trampım prezidentlik müddətinin başa çatmasından bir gün əvvələ təsadüf edib.
O bildirib ki, Amerikanın hazırkı prezidenti Donald Tramp, dövlət katibi Mayk Pompeo, keçmiş müdafiə naziri Mark Esper, indiki müdafiə nazirinin vəzifəsini icra edən Kristofer Miller, hazırkı maliyyə naziri Stiven Mnuçin, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) rəhbəri Cina Haspel, Trampın təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Con Bolton, ABŞ Dövlət Departamentinin İran məsələləri üzrə özəl işçi qrupunun rəhbəri Brayan Huk və həmin işçi qrupun hazırkı rəhbəri Elliot Abrams, eləcə də ABŞ Xəzinəsinin Xarici Aktivlərə Nəzarət Ofisinin rəhbəri Andrea Hakinin adları İranın sanksiyalar siyahısına salınıb.
Səid Xətibzadə deyib ki, İran hakimiyyətinin sanksiyasına məruz qalan Amerika rəsmiləri, əsasən “Sepah”ın “Qüds” briqadasının sabiq komandanı Qasım Süleymanini öldürmək əməliyyatına göstəriş verməkdə, İrana qarşı sanksiyalar tətbiq etməkdə, İranla düşmən olan region ölkələrinə dəstək verməkdə və İran müxalifəti ilə əməkdaşlıqda günahlandırılırlar.
A.M