SON XƏBƏRLƏR

İran Dövlət Televiziyasının keçmiş aparıcısı Mahmud Şəhriyari həbs edilib

2021.10.20, 07:36
İran Dövlət Televiziyasının keçmiş aparıcısı Mahmud Şəhriyari həbs edilib

Gunaz.tv

GünazTV: İran Dövlət Televiziyasının keçmiş aparıcısı Mahmud Şəhriyari sosial şəbəkələrdə islam respublikasının ölkədə yayılan koronavirusla bağlı həqiqəti vətəndaşlardan gizli saxlamasını tənqid etdiyinə görə həbs edilib.

 

Yayılan məlumata əsasən İran təhlükəsizlik qüvvələri Mahmud Şəhriyarini aprelin 14-ü sübh saatlarında yaşadığı mənzildə tutub naməlum istiqamətə aparıblar.

 

“Sepah” terror təşkilatına bağlı agentliklərin yaydığı xəbərə əsasən, Mahmud Şəhriyari ölkədə koronavirusun yayılması ilə bağlı sosial şəbəkələrdə “yalan məlumatlar yaymaq”da və “ictimai asayişi pozmaq”da günahlandırılır.

 

Bir neçə il əvvəl naməlum səbəblərə görə, İran Dövlət Televiziyasında fəaliyyətinə qadağa qoyulan və həmin qurumdan uzaqlaşdırılan Mahmud Şəhriyari, son həftələr “Youtube”da və digər sosial şəbəkələrdə videolar yayaraq, İranda koronavirusun fevral ayının əvvəllərindən yayılmağa başladığını bildirərək, hökumətin bir sıra siyasi maraqlar üçün bu məsələni ən azı ay yarım ölkə vətəndaşlarından gizli saxladığını tənqid etmişdi.

 

O, həmçinin ölkə sərhədlərinin Çin vətəndaşlarının üzünə bağlanmamasını və İrandan Çinə uçuşların mütəmadi olaraq davam etdirilməsini kəskin tənqid edərək, hökumətin bununla bağlı yürütdüyü siyasətinə etiraz bildirmişdi.

 

Bundan başqa, Şəhriyari sosial şəbəkələrdə ironiyayla paylaşdığı kiçik bir cümlədə İran vətəndaşlarının karantin şəraitində evdə qalmalarına toxunaraq, ölkəyə hakim ruhaniləri dolayı yolla müftəxorluqda günahlandırmışdı: “Biz bir aydır ancaq yeyib yatırıq. Artıq bezmişik və buna dözə bilmirik. Onda görün bu yazıq axundlar bu 40 ildə nə çətinliklər çəkiblər və buna necə dözə biliblər” -deyə, Mahmud Şəhriyari sosial şəbəkələrdə paylaşdığı yazısında bildirmişdi.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar