SON XƏBƏRLƏR

İran ən kəskin senzuraya sahib 10 ölkə içərisində yer alıb- FOTO

2021.10.20, 07:36
İran ən kəskin senzuraya sahib 10 ölkə içərisində yer alıb- FOTO

Gunaz.tv

GünAz TV: “Jurnalistlərin Müdafiəsi Komitəsi” yeni yayddığı hesabatda media qurumları və onların rəhbərlərinə qarşı ən kəskin senzuralar tətbiq edən 10 ölkənin siyahısını təqdim edib.

 

Afrika qitəsinin şərqində yerləşən Eritreya dövləti siyahının başında gəlir. Şimali Koreya və Türkmənistan isə müvafiq olaraq 2-ci, 3-cü yerləri bölüşdürürlər. Növbəti yerlərdə qərarlaşan ölkələr isə sıra ilə Səudiyyə Ərəbistanı, Çin, Vyetnam, İran, Ekvatorial Qvineya, Belarusiya və Kubadır.

 

Komitə bildirir ki, qeyd edilmiş dövlətlər ifadə azadlığı üzrə beynəlxalq qanunlar və standartları ayaqları altına alıblar, eləcə də jurnalistləri həbs etməklə qorxudaraq, onları hökumətin sözçüsünə çeviriblər. Həmin dövlətlərin bu qeyri-qanuni addımları nəticəsində bir çox müstəqil jurnalist öz ölkəsindən xaricə sığınmağa məcbur qalıb.

 

Hesabatda qeyd edilir ki, İran, Çin, Vyetnam və Səudiyyə Ərəbistanı kimi ölkələr müstəqil media orqanları və onların jurnalistlərini hökumətin yürütdüyü siyasətlər qarşısında susdurmaq üçün işgəncə vermək, təqib etmək və qanunsuz həbs etmək kimi klassik senzura metodlarından istifadə edirlər.

 

İran beynəlxalq təşkilatların son illər ərzində media və ifadə azadlığı, eləcə də senzura ilə bağlı hazırladıqları hesabatlarda həmişə ən pis göstəricilərə sahib ölkələrdən biri olub.

 

Məsələn, “Sərhədsiz Reportyorlar Təşkilatı”nın 2019-cu ildə hazırladığı son hesabata əsasən, İran 2018-ci ilə nisbətən 6 pillə geriləməklə, cari ildə dünya ölkələri arasında media və ifadə azadlığına görə 180-cı yerdə qərarlaşıb. Bu hesabatda İranın İslam Cumhuriyyətinin təsis edilməsindən sonra ötən 40 il ərzində jurnalistlər üçün ən repressiv rejim olduğu vurğulanırdı. Təşkilat qeyd edirdi ki, 1979-cu ildən 2009-cu ilə qədər olan dövrdə azı 760 jurnalist və vətəndaş jurnalist İran rejimi tərəfindən təqib olunub, repressiyaya məruz qalıb, həbs və hətta edam edilib.

 

 

İranın jurnalistlər üçün dünyada ən böyük 5 zindandan biri adlandırılmasından başqa, “Sərhədsiz Reportyorlar Təşkilatı” bu ölkənin media aktivistləri üçün ən böyük həbsxana olduğunu bildirib.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar