SON XƏBƏRLƏR

İran həqiqətənmi şiə dövlətidir?!- Araşdırma

2021.10.20, 07:36
İran həqiqətənmi şiə dövlətidir?!- Araşdırma

Gunaz.tv

1979-cu il inqilabından sonra özünü şiə etiqadının mərkəzi hesab edən İran İslam Respublikasının bəyan etdikləri ilə faktiki yürütdüyü siyasətlər arasında ciddi təzad nəzərə çarpır.

 

Qeyd olunmalıdır ki, İran birmənalı şəkildə beynəlxalq arenada islamın əhli-sünnət məzhəbinə etiqad edən Fələstin xalqını müdafiə edir və bunu din qardaşlığı ilə əsaslandırır. Din qardaşlığı iddiasında olan rəsmi Tehranın bu “comərdliyi” təəssüf ki, Ermənistanla bağlı münasibətlərdə heç də gözə dəymir. Əhalisinin əksəriyyəti şiə müsəlmanlarından ibarət olan Qarabağ xalqını qətliam edən və 30 ilə yaxındır 1 milyona qədər müsəlman qarabağlının öz ata-baba yurdlarından didərgin düşməsinə səbəb olan Ermənistanın bu gün ən böyük himadarlarından biri İran rejimi və axundlarıdır.

 

Matəm ayı hesab edilən İmam Hüseynin şəhadət edildiyi günlərdə islamın müqəddəs kitabı Quran ilə kafir hesab edilən dinə mənsub olan ermənilərin açıq-aşkarcasına festival əhval ruhiyyəsində idman oyunlarını keçirməsi və hökumətin öz rəsmisini oyunlara xeyir-dua vermək üçün göndərməsi təkcə islam inancına deyil, hətta insanlıq meyarlarına zidd addımlardır.

 

 

 

Hətta bu azmış kimi oktyabrın 1-də- yəni hələ məhərrəm ayı çıxmamış İran prezidenti Həsən Ruhani İmam Hüseynin başına gətirilən müsibətlər qədər Azərbaycan xalqının başına bəlalar açmış Ermənistan rejiminin cinayətkar rəsmilərinin qanlı əllərini sıxmaq üçün İrəvana səfər edib. Bu azmış kimi, Ruhani İrəvandan iki ölkə arasında münasibətləri daha da dərinləşdirmək üçün çağırışlar edib, İranın Ermənistanla bütün sahələrdə əlaqələri gücləndirmək istədiyini, eləcə də bu ölkəyə satdıqları qaz və elektrik enerjisini daha da artırmaq niyyətində olduqlarını bəyan edib.

 

Ümumiyyətlə, düşmənimin düşməni mənim dostumdur prinsipinə əsaslanmaqla, Ermənistana açıq-aşkar dəstək verməsi ötən illərdə də dəfələrlə müşahidə edilib. Ölkənin müxtəlif postlarını tutan rəsmilər də ölkəmizin suverenliyinə qarşı dəfələrlə təhdid dolu fikirlər səsləndiriblər. Məsələn 2014-cü ildə Güney Azərbaycanda rejimin repressiya siyasətini şiddətləndirməsini kəskin tənqid edən quzey azərbaycanlı siyasətçilərə cavab olaraq İranın İrəvandakı səfiri Məhəmməd Rəisi Azərbaycanın müstəqilliyini təhdid etmişdi.

 

Məhəmməd Rəisi

 

"Azərbaycan dövlət adamları bu kimi (Güney Azərbaycan. – red.) tarixi iddialarla çıxış edəndə çox şeyi nəzərə almalıdırlar. Onlar bilməlidirlər ki, əgər tarixi iddialar tələb olunsa, Azərbaycanla bərabər bir çox ölkələrin suverenliyi sual altında qalacaq"- deyə səfir qeyd etmişdi.

 

Məhəmməd Rəisi həmçinin ölkəsinin Ermənistana daha ucuz qiymətlə qaz və elektrik satmağa hazır olduğunu bəyan etmişdi.

 

Maraqlı məqam ondan ibarətdir ki, İran rəsmiləri dildə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini idda etsələr də, heç vaxt Qarabağın işğalını pisləyən bəyanatlar verməyiblər. Eləcə də, rəsmi görüşlər zamanı İran prezidenti də daxil olmaqla, ölkənin bütün rəsmiləri heç vaxt Qarabağın işğalı sözünü işlətmirlər. Onlar bu mövzudan danışan zaman “Azərbaycan və Ermənistan arasında münaqişə predmeti olan Qarabağın sülh yolu ilə azad olunmasını istəyirik” tipli ifadələrdən istifadə edirlər.

 

Digər tərəfdən isə, İran mediasında daim anti-Azərbaycan yazılar dərc edilir. Müxtəlif dini məsələləri təhrif edərək, Azərbaycana qarşı qara yaxan və ölkədə dini zorakılıq və qarşıdurmaya çağıran bu yazılardan başqa, bəzi vaxtlarda ölkəmizin ərazi bütövlüyünə qarşı da məqalələr dərc edilir. Bunlardan ən barizi 2017-ci ilin dekabr ayında Həsən Ruhani hökumətinin ən reytinqli mətbuat orqanı olan “Şərq” qəzetində qondarma “Dağlıq Qarabağ Respublikası”nın xarici işlər naziri ilə müsahibəsidir. Müsahibə zamanı jurnalist İranın Qarabağ bölgəsi ilə sərhəd xəttinin olmasına diqqət çəkir və yaxın gələcəkdə ölkəsinin qondarma republikanın müstəqilliyini tanıya biləcəyini deyir.

 

2016-cı ildə Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağda yenidən döyüşlərin başlaması zamanı da İran hökumətinin sözçüsü olan media orqanları öz bədxah əməllərini davam etdirmişdilər. Misal üçün, həmin vaxt İranın rəsmi agentliyi olan “İsna” yaydığı məqalədə yerləşdirdiyi xəritədə Qarabağı ayrı bölgə kimi göstərmiş, eləcə də döyüşlərin Azərbaycan qoşunları ilə “Dağlıq Qarabağ Respublikasının qoşunları” arasında getdiyini qeyd etmişdi.

 

İran rejimi və axundlarının öz siyasi məqsədləri üçün uydurduqları nağıllara və göstərdikləri şoulara inanan saf insanlar bir məqamı anlamalıdırlar ki, müdafiə etdikləri sistem sadəcə öz şəxsi maraqlarını güdən qrupların aldatma vasitəsidir. Kafir bir qrupa bu cür sərbəstlik və azadlıqların verilməsi, sonra da onların müsəlmanların dini etiqadlarını məsxərəyə qoymasına da imkan yaradır.

 

Belə ki, Ermənistanın Kütləvi İnformasiya Vasitələrində bütün islam dünyası və xüsusilə şiələr üçün böyük təhqir hesab edilən məqalə dərc edilmişdir. Məqalədə erməni yazar guya qazax xalqında "Dariq qız" adlı qəhrəmanlıq dastanın olduğu barədə məlumat verir, ancaq şiəlik motivlərinə əsaslandığı üçün dastanın sovet dövründə rəsmi milli epos statusu ala bilmədiyini yazır. Erməninin məqaləsinə əsasən, şiələrin 4-cü imamı Əli guya Dariqaya, sonra isə öz oğlu olduğunu bilmədiyi Mehdiyə məğlub olur. Lakin qeyri-iradi atasını məğlub etdiyini anlayan Mehdi utancından dağlara çəkilir və yer altında gizlənir.

 

Amma nədənsə həzrəti Hüseynə görə zəncir və qılıncla döyən və yaralayan “Hüseyn aşiqləri” istər İranda, istərsə də digər ölkələrdə bu məqaləyə qarşı heç bir fikir bildirməyiblər. Daim dünyaya islam dərsi keçən İran rejimi şiə müsəlmanlarının, eləcə də digər müsəlmanlar arasında böyük ehtiramla yad edilən imamların bu formada təhqir olunmasına heç bir münasibət bildirmirlər. Halbuki bu, Azərbaycanda baş versəydi…

 

Bunun səbəbləri çox aydındır. Onlardan bəzilərini yalnız yada salmaq istəyirik ki, İran rejiminin yaydığı cəfəngiyyatlara canı könüldən bağlananlar bir daha papaqlarını qabaqlarına qoyub, düşünsünlər. Düşünsünlər ki, bunun səbəbi Ermənistanın Azərbaycan torpaqlarını işğalda saxladığı üçün, İranın əsas strateji tərəfdaşı olduğunu, Güney Azərbaycan məsələsinə görə, Qarabağın azad edilməsinin İran üçün qəbuledilməz olduğunu, eləcə də bu rejimin siyasətlərinin təməlində islam dünyası və müsəlman qardaşlığı kimi anlayışların dayanmadığını, yalnız praqmatizmə yer verildiyini anlasınlar. Bunu İran tərəfindən də bəzi rəsmilər etiraf edir. Bunlardan ən sonuncusuna, yəni İran Milli Məclisinin sabiq spiker müavini və hazırda deputatı olan Əli Mütəhhərinin səsləndirdiyi sözlərlə tamamlamaq istəyirik. Onun Avqust ayında İranın Dağlı Qarabağ münaqişəsində Ermənistan tərəfinə göstərdiyi dəstəklə bağlı dediyi sözlər ölkə içərisində də böyük qalmaqala səbəb olmuşdu. Həmin fikirləri təqdim edirik: “Biz Qarabağ müharibəsi zamanı Azərbaycan tərəfinin haqlı olmasına baxmayaraq, etnik məsələlərə görə, (Güney Azərbaycan-red.) Ermənistanın tərəfini tutduq.”

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar