SON XƏBƏRLƏR

İran hökumət qurumlarının koronavirusla mübarizədə səriştəsizliyini tənqid edən Şiraz Şəhər Şurasının üzvü həbs edilib

2021.10.20, 07:36
İran hökumət qurumlarının koronavirusla mübarizədə səriştəsizliyini tənqid edən Şiraz Şəhər Şurasının üzvü həbs edilib

Gunaz.tv

GünazTV: İranda Şiraz Şəhər Şurasının üzvü Mehdi Hacəti “Twitter” səhifəsində hökumət qurumlarının koronavirusun yayılmasının qarşısını almaqda səriştəsizliyini tənqid etdiyinə görə həbs edilib.

 

Yayılan məlumata əsasən, Mehdi Hacəti martın 12-də yerli təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək naməlum istiqamətinə aparılıb.

 

Bildirilir ki, o, həbsindən bir gün əvvəl “Twitter” səhifəsində yaydığı bir yazıda hökumət qurumlarının koronavirusun yayılmasının qarşısını almaqda səriştəsizliyinə eyham vuraraq, Qum şəhərinin karantinə alınmasına mane olan rəsmiləri kəskin tənqid atəşinə tutub: “Bu qədər “düşmən, düşmən” -deyə bağırmayın. Bu gün İran millətinin düşməni, öz xəyali düşmənlərini aşağılayıb utandırmaq məqsədilə həmvətənlərimizin həyatını və canını qumarda uduzmağa hazır olan şəxslərdir.

 

Daha doğrusu, İran millətinin düşməni, Qum şəhərinin karantinə alınmasına imkan verməyən və buna qarşı çıxanlardır. İranın durumu gec-tez yaxşılaşacaq. Lakin öz yaddaşını heç vaxt unutmayacaq” -deyə, Şiraz Şəhər Şurasının üzvü Mehdi Hacəti “Twitter”də paylaşdığı yazısında bəyan edib.

 

Qeyd edək ki, İran Səhiyyə Nazirliyinin martın 12-də yaydığı son statistikaya əsasən, ölkədə koronavirusa yoluxanların sayı 10075 nəfərə, xəstəlikdən ölənlərin sayı isə 429 nəfərə yüksəlib.

 

 

İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr isə, virusa yoluxanların və xəstəlikdən ölənlərin sayının bir neçə dəfə çox olduğunu bildirirlər.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar