SON XƏBƏRLƏR

İran iqtisadiyyatının çökməsi fonunda artan narazılıqlar

2021.10.20, 07:36
İran iqtisadiyyatının çökməsi fonunda artan narazılıqlar

Gunaz.tv
Prezident Əhmədinejadın bacarıqsızlığı, eləcə də beynəlxalq sanksiyalar nəticəsində İranın iqtisadiyyatının çökməsi fonunda prezidenti tənqid edənlərin sayı gün-gündən artmaqdadır. Hətta bir vaxtlar onu dəstəkləyənlər də indi Əhmədinejadı tənqid etməkdədirlər. Mühafizəkarların son parlament seçkilərində qələbə qazanması belə Əhmədinejada sadəcə çox kiçik bir ümid verə bilər. Çünki uğursuzluğa düçar olmuş iqtisadiyyat öz təsirini bütün sahələrə göstərir. Müşahidələr göstərir ki, İran iqtisadiyyatı neft sektoruna xarici sərmayələrin qoyulmamasından daha çox əziyyət çəkir. Hazırda inflyasiya insanlar üçün böyük bir problemə çevrilmişdir. Bu ilin yanvar ayında prezident Əhmədinejad yeni büdcəni təqdim etmək üçün partlamentə gəldikdə o, qiyməti artımı ilə əlaqədar «hücuma» məruz qalmışdır. Tehran şəhərindəki ərzaq mağazalarının sahibləri isə alıcılıq qabiliyyətinin aşağı düşməsindən gileylənmişlər. Tehranın yaxınlığında fəaliyyət göstərən «Kian Tire» şirkətinin işçiləri yanvar ayında dörd aylıq maaşlarının verilməməsi səbəbindən etiraz aksiyası keçirmişlər. İranın xəbər agentliklərində və internet səhifələrində öz əksini tapmış bu məlumatı «Fərda» radiosu yanvar ayının 29-da yayımlamışdır. «Kian Tire»nin işçiləri şirkətin yerləşdiyi Tehran və İslamşəhr şəhərlərini birləşdirən yolu bağlamışlar. Hökumət hadisə yerinə təhlükəsizlik qüvvələri göndərmişdir. İslamşəhrdə sözügedən işçilərin fəallarından olan Məhəmməd Həsənpur-Talebianın İSNA-ya verdiyi məlumata əsasən, narazılıqlar prezident Əhmədinejadın sözügedən şirkəti özəlləşdirmək cəhdindən sonra yaranmışdır. Parlamentin islahatçı millət vəkili Əlireza Məhcub isə bu zəmində «İranda hətta bir ildir ki, maaş ala bilməyən işçilərin olduğunu» bildirmişdir. «Fərda» radiosu keçən həftə telekommunikasiya sahəsində fəaliyyət göstərən bir şirkətdə də analoji hadisənin baş verdiyi barədə xəbər yaymışdır. Əhmədinejad 2005-ci ildə hakimiyyətə gəldikdən sonra iqtisadiyyata nəzarətin gücləndirilməsinin yollarını axtarmaqdadır. O, düzgün qurulmayan iqtisadi siyasətə və inflyasiyanın səviyyəsinin qalxmasına görə həm islahatçılar, həm də mühafizəkarlar tərəfindən tənqid edilmişdir. Hazırda İran iqtisadiyyatı idarə olunmaz səviyyədədir və bununla əlaqədar narahatçılıq artmaqdadır. Yüksək vəzifəli rəsmilər açıq-aydın prezident əleyhinə çıxışar edirlər. Yanvar ayında prezident Əhmədinejad iqtisadi siyasət və xarici əlaqələrə görə KİV-də, eləcə də parlamentdə böyük tənqidə məruz qalmışdır. Bundan əlavə, İranın nüvə danışıqları üzrə məsul şəxsi Əli Laricani Əhmədinejad və Xarici İşlər naziri Mənuçehr Mottəkini tənqid etmişdir. Ölkənin gələcək taleyi ilə bağlı Əhmədinejadın nikbin sözlər söyləməsinə baxmayaraq, sabiq prezident Haşemi Rəfsancani hazırda İrana qarşı dünyada mövcud olan siyasi natarazlıqdan narahatçılıq keçirən xeyli sayda və yüksək səviyyəli mütəxəsislər olduğunu bildirmişdir. Eyni zamanda, Rəfsancani ənənəvi mühafizəkarlara, praqmatiklərə, texnokratlara və islahatçılara müraciət edərək onları prezident Əhmədinejadı tənqid etməyə çağırmışdır. Bəzi təhlilçilər və Əhmədinejada müxalif olan siyasətçilər ali dini liderin prezidenti İran üçün bir təhlükə kimi gördüyünü bildirirlər. Yanvar ayında ali dini lider parlamentin prezidentlə çəkişməsində birincinin tərəfini saxlamışdır. Belə ki, Əhmədinejad mühafizəkar deputatları bir neçə dövlət qurumunun ləğv edilməsinə maneəçilik törətmələrinə görə tənqid etmişdir. Həmin qurumlar arasında maliyə siyasətini müəyyənləşdirən əsas təşkilatlar, o cümlədən maliyə və kredit şuraları da vardır. Öz növbəsində o, islamın öyrədilməsinə zidd olduğunu söyləməklə yay vaxtına keçidin ləğv edilməsi barədə çıxardığı qərara görə qarşı tərəfdən tənqid olunmuşdur. Bundan əlavə Xamenei parlamentin o vaxtkı spikeri Həddad Adelə ünvanladığı məktubunda prezidenti tənqid atəşinə tutmuşdur. Xamenei bildirmişdir ki, «konstitusiya ilə müəyyənləşən qanunlar bütün orqanlar tərəfindən hörmətlə qarşılanmalıdır». Həddad Adel prezidentin şikayətindən sonra ali dini liderin fikrini öyrənmək üçün ona müraciət etmişdir. O, demişdir ki, «mən prezidentin parlamentə qanunun konstitusiyaya qarşı olduğu barədə məktub yazmasına təəcüblənmişdim. Belə presedent hələ olmamışdır». O, həmçinin bildirmişdir ki, «qanunların konstitusiyaya uyğun olub-olmamasını müəyyən etmək hüququ Nəzarət Şurasına» məxsusdur. İslahatçı namizədlərin bir qisminin seçkilərə buraxılmasının qarşısının alınması səbəbindən hər kəs 14 mart 2008-ci il tarixində keçirilən seçkilərin nəticələrinə görə, mühafizəkarların yeni parlamentdə aparıcı rol oynayacağını gözləyirdi. Buna baxmayaraq, həmin nəticə prezidentin qələbəsi kimi təqdim oluna bilməz. Belə ki, bir çox mühafizəkarlar prezidenti İran iqtisadiyyatını uğursuzluğa düçar etməsi səbəbindən tənqid etməkdədirlər. Sözügedən tənqidçilər arasında əvvəllər onun prezident seçilməsini dəstəkləyən «Bəsic» dəstələrinin üzvləri də vardı ki, onlar da hazırda iqtisadi siyasətin formalaşmasında Əhmədinejadın uğursuzluğundan danışırlar. Həmçinin, dövlət başçısı inflyasiyanın və işsizliyin səviyyəsinin qalxmasında, yanacaq qıtlığında, eləcə də BMT sanksiyaları ilə əlaqədar beynəlxalq ictimaiyyətlə münasibətlərin pisləşməsində günahlandırılır. Yerli təhlilçilərin sözlərinə görə, yeni parlament Əhmədinejada qarşı daha tənqidi mövqedə duracaq, eləcə də 2009-cu ilin prezident seçkiləri ərəfəsində mühafizəkarlar arasında parçalanma meyilləri getdikcə dərinləşəcəkdir. Kasıb və orta gəlirli ailələrin ehtiyacları olan ərzaqları almaqda çətinlik çəkmələri səbəbindən İranın küçələrində narazılıq və narahatçılıqların səviyyəsi artmaqdadır. Əksarəyyət Əhmədinejadın yürtüdüyü siyasətən effektiv olmadığına inanır. Çünkü, işçilərin əksəriyyəti aylardır onları verilməli olan əməkhaqqlarını ala bilmirlər. İnsanların əhval-ruhiyyələrinin getdikcə aşağı düşməsi parlament seçkilərində öz təsirini göstərmişdir, hansı ki, mühafizəkarlar da bu məsələdə prezidenti günahlandırmışlar. Hətta ali dini lider Əli Xamenei də belə mövqedə olmuşdur. Diqqəticəlb edən odur ki, əvvəlki parlament prezidentlə qarşı-qarşıya gələndə Xameneinin dəstəyini görmüşdür. Belə görünür yeni parlament Əhmədinejadın nə istəməsindən asılı olmayaraq hazırladıqları proqramların (sənədələrin) həyata keçirilməsində daha israrlı olacaqdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar