SON XƏBƏRLƏR

İran Mərkəzi Bankının sədri: “6 bank işçisi koronavirusdan ölüb”

2021.10.20, 07:36
İran Mərkəzi Bankının sədri: “6 bank işçisi koronavirusdan ölüb”

Gunaz.tv

GünazTV: İran Mərkəzi Bankının sədri Əbdülnasir Hemməti martın 5-də “İnstagram” sosial şəbəkəsində paylaşdığı bir yazıda ölkənin bank sistemində çalışanlardan bir qisminin koronavirusa (Covid-19) yoluxmasından danışıb.

 

O bildirib ki, ölkə banklarında işləyən 6 nəfər virusa yoluxaraq dünyasını dəyişib: “Mənə çatan xəbərlərə əsasən, təəssüflər olsun ki, ölkənin bank sistemində çalışan və xalqa xidmət edən həmkarlarımızdan 6-sı koronavirusdan ölüblər.

 

Mən, virusdan həyatını itirən bu əziz həmkarlarımızın ailələrinə başsağlığı verir və bildirərəm ki, koronavirusun yayıldığı bir vaxtda bank şöbələrində işləməyin nə qədər riskli olmasına baxmayaraq, biz hələ də həmkarlarımızın bank şöbələrində zəhmət çəkib insanlara xidmət göstərməsinin şahidiyik. Şübhəsiz ki, vətəndaşlarımız da onların bu zəhmətini yüksək qiymətləndirəcək” -deyə, İran Mərkəzi Bankının sədri Əbdülnasir Hemməti “İnstagram”da yaydığı yazısında əlavə edib.

 

Hemməti, virusa yoluxub həyatlarını itərən bank işçilərinin adlarını açıqlamayıb.

 

 

Xatırladaq ki, İran Səhiyyə Nazirliyi martın 5-də bəyanat yayaraq, ölkədə virusdan ölənlərin sayının 107-yə, yoluxanların sayının 3 min 513 nəfərə çatdığını bildirsə də, İranın tibb mərkəzlərində çalışan qeyri-rəsmi mənbələr, virusdan ölənlərin və yoluxanların sayının qat-qat çox olduğunu bildirirlər.

 

Həmin mənbələrin dediyinə görə, İran rejimi ölənlərin sayını azaltmaqla, virusla mübarizədə öz səriştəsizliyini və ölkədə baş verən insani faciənin dəhşətli miqyasını xalqdan və cəmiyyətdən gizlətməyə çalışır.

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar