SON XƏBƏRLƏR

İran mətbuatı Zəhra Nəvidpurun qatilinin yaxalandığı barədə xəbər yayıb, lakin...

2021.10.20, 07:36
İran mətbuatı  Zəhra Nəvidpurun qatilinin yaxalandığı barədə xəbər yayıb, lakin...

Gunaz.tv

GünAz TV: Məlikanin sözdə millət vəkili Hacı Salman Xudadadiyə yaxın bir xəbər agentliyinin iddiasına görə, Məlikan prokuroru Mehdi Əlimuradi millət vəkilinin cinsi təcavüzünə məruz qalan Zəhra Nəvidpurun qardaşı tərəfindən qətlə yetirildiyini, artıq qatilin saxlandığını bildirib. Bu xəbər qısa müddət sonra təkzib edilib.

 

Birinci yayılan xəbərdə bildirilib ki, prokuror Zəhra Nəvidpurun dosyesi ilə bağlı yeni nəticələrin ortalığa çıxdığını və əsas qatilin müəyyən olunduğunu deyib.

 

Bundan əvvəl Zəhra Nəvidpurun intihar etdiyi açıqlanmışdır.

 

“İlkin məlumata əsasən qətil öldürülən şəxsin qardaşıdır. O namus məsələləri ilə əlaqədar bacısını qətlə yetirib”- deyə prokuror bildirib.

 

“Şərh Online”nın yaydığı xəbərə əsasən, prokuror bu barədə geniş məlumat verməyib. O bildirib ki, əlavə məlumat 2, 3 gün ərzində keçiriləcək mətbuat konfransında açıqlanacaq.

 

“Rokna” agentliyi isə bu barədə xəbər yaydıqdan sonra növbəti xəbərdə yayılan məlumatı təkzib edib. Bildirilib ki, “Rokna” prokurora istinadən Zəhra Nəvidpurun qatilinin saxlanması barədə məlumat yayıb, lakin xəbər qısa müddət sonra məhkəmə orqanı tərəfindən təkzib edilib.

 

Zəhra Nəvidpur barəsində bu kimi xəbərlərin yayılması şübhəsiz ki, qətl hadisəsi ilə bağlı həqiqəti təhrif etmək üçün zəmin yaratmaqdan ibarətdir. Bundan əvvəl də bir neçə mətbuat orqanı cinsi təcavüzə məruz qaldıqdan sonra öldürülən Zəhra Nəvidpur haqda müxtəlif şayiələr yaymağa cəhd göstərib, onu sözdə əxlaqsızlıqda günahlandırıblar.

 

Mətbuatda yayılan məlumata əsasən, ötən həftə Zəhra Nəvidpurun dosyesi ilə əlaqədar İran parlamentinin ictimai komissiyasının rəisi Salman Xudadadi barəsində qərar verilib. Tehran Cəza Məhkəməsinin 5-ci Şöbəsi millət vəkilinə qadına təcavüz ittihamı bağlı bəraət verib, lakin onu qeyri-məşru cinsi əlaqədə olmaqda günahlandıraraq barəsində 2 il işindən uzaqlaşdırma, 2 il sürgün və 99 şallaq zərbəsi hökmü çıxarıb.

 

Məhkəmə o halda Salman Xudadadi barəsində cinsi təcavüzlə bağlı bəraət hökmü çıxarıb ki, Zəhra Nəvidpur həyatdaykən 4 il müddətinə cinsi təcavüzə məruz qaldığına dair məhkəmə orqanları, insan hüquqları təşkilatları və kütləvi informasiya vasitələrinə bir çox sənədlər təqdim edib.

 

Məlikanın vaxtı ilə “Sepah” üzvü olan millət vəkili və onun əlaltıları Zəhra Nəvidpuru dəfələrlə qətlə yetirməklə təhdid edib. Cinsi təcavüzə məruz qalan xanım qətlindən əvvəl bu barədə çoxlu sənədlər ifşa etmişdir.

 

28 yaşlı Zəhra Nəvidpurun cansız bədəni yanvarın 6-da anasının evində tapılıb. Bununla bağlı Salman Xudadadi barəsində bir çox məsələni ifşa edən material 2018-ci il noyabrın 19-da GünAz TV-nin “165” verilişində yayımlanıb.

Zəhra Nəvidpurun şübhəli ölümü Güney Azərbaycanda bir çox etirazlara səbəb olub.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar