SON XƏBƏRLƏR

İran Netanyahunun Tehranda nüvə anbarının olması ilə bağlı ittihamını rədd edib

2021.10.20, 07:36
İran Netanyahunun Tehranda nüvə anbarının olması ilə bağlı ittihamını rədd edib

Gunaz.tv

GünAzTV: İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi sentyabrın 27-də jurnalistlərə açıqlamasında İsrailin baş naziri Benyamin Netanyahunun Tehranın cənubunda yerləşən gizli bir nüvə anbarının olması ilə bağlı iddialarını rədd edib.

 

Bəhram Qasimi, Netanyahunun BMT Təhlükəsizlik Şurasında İranın gizli nüvə fəaliyyəti ilə bağlı çıxışını “məzhəkəli bir şou və tamaşa” adlandırıb: “Amerika və İsrailin İrana zidd ssenarilərinin məğlubiyyətə uğramasından sonra işğalçı rejimin baş nazirinin bu gülünc iddiaları o qədər də təəccüb doğurmur. Biz, İsrail rəsmilərinin irəli sürülən bu kimi ittihamları onların ölkəmizə qarşı yeni bir şou və gülünc tamaşası sayır, dediklərini təkzib edirik”.

 

İranın xarici işlər naziri Məhəmmədcavad Zərif də sentyabrın 28-də özünün şəxsi “Twitter” səhifəsinə yerləşdirdiyi bir yazıda Netanyahunun gizli nüvə fəaliyyəti ilə bağlı rəsmi Tehrana qarşı irəli sürdüyü ittihamlarına reaksiya verib: “İsrail, Orta Şərq regionunda gizli nüvə proqramına və həqiqi atom silahları arsenalına malik yeganə ölkə olduğunu heç nə ilə gizlədə, ört-basdır edə bilməz. İsrailin nüvə silahlarına malik olmasını etiraf etməsinin və qanunsuz nüvə təsisatlarının qapılarını Beynəlxalq Atom Enerjisi Agentliyi müfəttişlərinin üzünə açmasının vaxtı gəlib çatıb”.

 

 

Qeyd edək ki, Benyamin Netanyahu sentyabrın 27-də BMT Təhlükəsizlik Şurasında çıxış edərək, Tehranın cənubunda yerləşən gizli bir anbarda külli miqdarda nüvə avadanlıqlarının saxlanılmasından danışıb.

 

O deyib ki, Tehranın Beynəlxalq Atom Enerjisi Agentliyindən gizli saxladığı nüvə anbarı, Tehranın cənubunda yerləşən Durquzabad məntəqəsinin Mahir küçəsində yerləşir: “Durquzabad məntəqəsində fəaliyyət göstərən nüvə anbarı bu günə qədər Beynəlxalq Atom Enerjisi Agentliyindən gizli saxlanılıb və onun mövcudluğu barədə beynəlxalq qurumlara məlumat verilməyib.

 

Üzümü, Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Yukio Amanoya tutub deyirəm ki, nə qədər ki, gec deyil və nə qədər ki, həmin mərkəz nüvə nişanələrindən tam təmizlənməyib, agentlik müfəttişlərini yoxlama aparmaq üçün bu mərkəzə göndərin və İranın nüvə fəaliyyəti ilə bağlı həqiqəti dünya ictimaiyyətinə çatdırın”.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar