SON XƏBƏRLƏR

İran parlamentində bölgənin həssas durumu ilə bağlı qapalı iclas keçirilib

2021.10.20, 07:36
İran parlamentində bölgənin həssas durumu ilə bağlı qapalı iclas keçirilib

Gunaz.tv

GünazTV: Mayın 12-də bölgədə baş verən olaylarla bağlı İran parlamentinin qapalı iclası keçirilib. İclasa, “Sepah” terror təşkilatının baş komandanı Hüseyn Səlami, “Sepah”ın quru və hava-kosmik qüvvələrinin komandanları da qatılıb.

 

Bildirilir ki, qapalı iclasda “Sepah”ın baş komandanı Hüseyn Səlami bölgənin hazırkı həssas durumu barədə çıxış edərək, öz fikirlərini səsləndirdikdən sonra məsələ deputatlar arasında müzakirə edilib. İclasdan sonra parlamentin rəyasət heyətinin sözçüsü Behruz Neməti jurnalistlərə açıqlamasında Hüseyn Səlaminin iclasda dediklərinə toxunaraq, Amerika hərbi qüvvələrinin bölgəyə gəlişinin yeni bir şey olmadığını bildirib.

 

Deputat Heşmətullah Fəlahətpişə

 

Həmçinin İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının rəisi Heşmətullah Fəlahətpişə mediaya açıqlamasında deyib ki, o, regionda yeni bir müharibənin baş verəcəyini düşünmür: “İranla Amerika arasında savaş olmayacaq. Bizdən də kimsə Trampa zəng vurmayacaq. Amerikalıların rəftarı onu göstərir ki, onlar bizimlə müharibə aparmaq niyyətində deyillər. Onlar, sadəcə olaraq, bizə qarşı psixoloji bir savaş aparırlar”- deyə Heşmətullah Fəlahətpişə əlavə edib.

 

Deputat, qapalı iclasda regiondakı vəziyyətlə bağlı səsləndirilən bəyanatların detallarını açıqlamayıb.  

 

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp bir neçə gün əvvəl İran rəhbərlərinə onunla əlaqə saxlamaq üçün telefon nömrəsi verib. Bu barədə CNN telekanalı Amerikanın adının çəkilməsini istəməyən rəsmilərindən birinə istinadən mayın 10-da məlumat yayıb. Ağ Evin İrana telefon nömrəsi verməsi, Trampın İran rəhbərlərini onunla əlaqə saxlamağa çağırmasından və Amerikanın İran təhdidlərinə cavab olaraq “USS Abraham Lincoln” təyyarə daşıyan gəmisinin bölgəyə göndərilməsindən az sonraya təsadüf edib.

 

ABŞ prezidenti Donald Tramp

 

Qeyd edək ki, Tramp mayın 9-da jurnalistlərə açıqlamasında İran rəhbərləri ilə üz-üzə oturub danışıqlar aparmağa hazır olmasından danışmışdı: “Mən nüvə sazişindən çıxandan sonra iranlıların iqtisadiyyatı çox ağır və bərbad günə düşüb. Eşitdiyimə görə, İranda inflyasiya səviyyəsi çox yüksəkdir. Ölkənin müxtəlif bölgələrində hər həftənin sonu etirazlar və üsyanlar baş verir. İran rəhbərlərinin  görməli olduğu yeganə iş odur ki, mənimlə əlaqə saxlasınlar, bir-birimizlə oturub danışıqlar aparaq. Düşünürəm ki, biz, ədalətli bir sazişə nail ola bilərik.

 

Bizim istədiyimiz yalnız odur ki, onların nüvə silahı olmasın. Bu isə böyük bir tələb deyil. Biz İrana xəsarət yetirmək istəmirik. Biz onlara iranlılara yardım etmək istəyirik ki, normal duruma qayıda bilsinlər. Mənim istəyim odur ki, iranlılar güclü və əzəmətli olsunlar və onların güclü iqtisadiyyatı olsun. Onlar mənimlə əlaqə saxlamalıdırlar. Onlar bunu etsələr, biz onlarla danışıqlar aparmağa hazırıq”- deyə Tramp əlavə etmişdi.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar