SON XƏBƏRLƏR

İran parlamentinə və Xomeyni məqbərəsinə qarşı silahlı basqında günahlandırılan 8 İŞİD-çi edam edilib

2021.10.20, 07:36
İran parlamentinə və Xomeyni məqbərəsinə qarşı silahlı basqında günahlandırılan 8 İŞİD-çi edam edilib

Gunaz.tv

GünAzTV: İranda bir il əvvəl parlamentə və islam respublikasının qurucusu axund Ruhullah Xomeyninin məqbərəsinə qarşı silahlı basqında günahlandırılan 26 İŞİD-çidən 8-i edam edilib.

 

Bu barədə, İran Məhkəmə Sisteminin rəsmiləri iyulun 7-də mediaya açıqlamalarında xəbər verib. Tehran inqilab məhkəməsinin yaydığı məlumatda bildirilir ki, üç ay əvvəl Tehran inqilab məhkəməsinin 15-ci şöbəsində hakim Əbülqasim Sələvatinin sədrliyi ilə keçirilən məhkəmə iclasında edama məhkum edilən İŞİD-çilər (Süleyman Müzəffəri, İsmayıl Sufi, Rəhman Behruz, Macəd Murtuzayi, Sirus Əzizi, Əyyub Esməili, Xüsrov Ramazani və Osman Behruz), artıq edam edilib: “Bu şəxslərə çıxarılan ölüm hökmü, qanuni və şəriat qaydalarına uyğun olaraq həyata keçirilib. Edam edilənlər, hücumların əsas amilləri ilə birbaşa əməkdaşlıq etmiş şəxslərdir”.

 

Bəyanatda 8 İŞİD-çinin edam olunduğu vaxt açıqlanmasa da, onların bu gün sübh (iyulun 7-si) dara çəkildiyi təxmin edilir. Hücumlarda əli olan daha 18 İŞİD-çinin işinə də baxıldığı bildirilir.

 

 

Xatırladaq ki, 2017-ci il, iyunun 7-si sübh saat 10.30 radələrində İran parlamentinə və Tehranın  “Behişti-Zəhra” qəbiristanlığında yerləşən Xomeyni məqbərəsinə qarşı silahlı hücum edilib. 4 silahlı şəxs, İran parlamentinin giriş qapılarındakı mühafizəçi qüvvələrə tapança və kalaşnikovdan atəş açaraq deputatların toplandığı zala girməyə çalışıblar.  Atışma zamanı hücumçulardan biri özünü partladıb, 3-ü isə parlament binasının şimal hissəsindəki korpuslardan birinə qaçaraq 4-cü mərtəbədə mövqe tutub atışmanı 5 saata qədər davam etdiriblər.

 

 

Eyni hücum, Xomeyninin məqbərəsinə də edilib. Bir neçə silahlı şəxs məqbərəyə yaxınlaşaraq mühafizəçi qüvvələrə odlu silahlardan atəş açıblar. Hücumçulardan biri isə özünü partladıb. Hər iki olayda ən azı 17 nəfər həyatını itirib, 37 nəfər yaralanıb. Hadisədən az sonra İŞİD qruplaşması bəyanat yayaraq hər iki hücumun məsuliyyətini üzərinə götürüb.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar