İran parlamentinin 15 kürd deputatı yanvarın 18-də “dini lider” Əli Xamneyiyə birgə açıq məktub yazaraq, İran Dövlət Radio-Televiziyası verilişlərində ölkənin etnik azlıqlarının mütəmadi olaraq sistemli şəkildə təhqir olunmasına etiraz bildiriblər.
Gunaz.tv
Kürd deputatların Xamneyiyə birgə açıq məktub yazması, İran Dövlət Televiziyasından gedən bir verilişə dəvət olunan bir kürdün geyiminə görə veriliş aparıcısı tərəfindən təhqir olunaraq “Çoban” adlandırılmasından iki gün sonraya təsadüf edib.
Məktubda deyilir ki, İrandakı xalqlar və etnik qruplar Dövlət Radio və Televiziyası verilişlərində tez-tez təhqir edilir, bu isə ölkədə yaşayan və qeyr-fars millətindən olan milyonlarla insanın inciməsinə səbəb olur: “Hesab edirik ki, Dövlət Radio-Televiziyasından gedən verilişlərdə bu kimi xoşagəlməz halların baş veməsi və tez-tez təkrar olunması ölkənin milli təhlükəsizliyinə və milli birliyə qarşı zidd addımdır.
Məhz buna görə də, milli birliyə xələl gətirilməsinin və ölkə xalqlarının təhqir olunmasına yol açan bu kimi neqativ halların yenidən təkrar olunmasının qarşısının alınması üçün sizdən məsələyə münasibət bildirməyinizi və bu barədə Dövlət Radio-Televiziyası məsullarına göstəriş verməyinizi xahiş edirik”, -deyə, kürd deputatların Əli Xamneyiyə yazdığı birgə açıq məktubunda bildirilir.
Xatırladaq ki, yanvarın 16-da İran Dövlət Televiziyasının 2-ci telekanalında gedən bir verilişə dəvət edilən bir kürd vətəndaş, kürdlərin milli geyimində verilişə qatıldığı üçün aparıcılardan biri tərəfindən kobud şəkildə təhqir olunub.
Verilişin əvvəlində qadın aparıcı tamaşaçılara kürd qonağı haqda məlumat verdikdən sonra kişi aparıcı söhbətin əvvəlində üzünü kürd qonağa tutaraq ona verdiyi ilk sualı bu olub: “Bu çoban paltarı nədir əyninizə geymisiniz?”.
Verilişin qonağı isə özünü sankı təhqir olunmamış kimi apararaq, “Bu geyim bəzi mifoloji şəxsiyyətlərin dövründən qalmış bir yadigardır. Bu geyim, zülmün və əcnəbilərin cəngindən azad olunmaq simvoludur və insanlar da bu səbəbə görə bu paltarı geyirlər”, -deyə, veriliş aparıcısına cavab verib.
Verilişin yayılmasından az sonra istər ölkədə, istərsə də ölkə xaricində yaşayan kürd kökənli iranlılar sosial şəbəkələrdə məsələyə münasibət bildirərək , İran Dövlət Radio-Televiziyası proqramlarında kürdlərin və İranda yaşayan digər xalqların mütəmadi olaraq müxtəlif bəhanələrlə təhqir olunmasına etiraz bildiriblər.
A.M