SON XƏBƏRLƏR

İran Parlamentinin Tədqiqat Mərkəzi işsizliyin artması və mümkün etiraz aksiyaları ilə bağlı dövlətə xəbərdarlıq edib

2021.10.20, 07:36
İran Parlamentinin Tədqiqat Mərkəzi işsizliyin artması və mümkün etiraz aksiyaları ilə bağlı dövlətə xəbərdarlıq edib

Gunaz.tv

GünAz TV: İran Milli Məclisinin Tədqiqat Mərkəzi yeni yaydığı hesabatda cari ilin isfənd (20 fevral- 20 mart) ayı ərzində ixracatın ötən ilin oxşar dövrü ilə müqayisədə 30% azaldığı barədə məlumat yayıb.

 

Hesabatda qeyd edilir ki, koronavirusun ölkədə yayılmasından sonra mart ayının ilk həftəsi ərzində ötən həftəyə nisbətən bank əməliyyatlarında da ciddi geriləmə müşahidə edilib. Bu isə xidmət sektoruna ciddi iqtisadi zərərlər verib.

 

Tədqiqat Mərkəzi bildirir ki, dövlət iqtisadiyyatda vəziyyəti stabilləşdirmək istiqamətində "ağıllı sosial izolyasiya" layihəsinin icrasını və müxtəlif qərarları dəyişməyi başlatsa da, bunun effektiv olması xüsusunda şübhələr var.

 

Xatırladaq ki, bir müddət əvvəl İranın Koronavirusla Mübarizə üçün Milli Qərargahı pandemiyanın ölkədə daha da yayılmasının qarşısınının alınması üçün sosial izolyasiya tədbirləri qəbul etmişdi. Lakin Qərargahın digər qərarı ilə ölkədə aprelin 11-dən etibarən əvvəlki sərt qaydaların əksinə olaraq, nisbətən yumşaq qaydaları ehtiva edən "ağıllı sosial izolyasiya" layihəsinin tətbiqinə başlanılacaq.

 

Səhiyyə Naziri Səid Nəməki bu planın ölkə iqtisadiyyatının çökməsinin qarşısının alınması istiqamətində qəbul edildiyini deyib.

 

Milli Məclisin Tədqiqat Mərkəzi hesabatında koronavirusun doğurduğu və doğuracağı kəskin işsizlik həddi barədə xəbərdarlıq edərək bildirir ki, dövlət doğru qərar qəbul etməklə, mümkün xalq etirazlarının meydana gəlməməsi istiqamətində təlaş göstərməlidir.

 

Hesabatda bildirilir ki, xalq etirazları baş versə, bütövlükdə hakimiyyət səmərəsizlikdə günahlandırılacaq. Bununla belə, Tədqiqat Mərkəzi dövlətə mümkün etirazların qarşısını almaq üçün hansı tədbirlər görməli olduğu barədə detallı məlumat verməyib.

 

Mərkəz son olaraq hesabatda dövlətin tədbirlərini səmərəsiz adlandıraraq qeyd edib ki, koronavirusla mövcud mübarizə formasının davam etdiyi təqdirdə, ölkədə 1399-cu ilin sonunadək (21 mart 2021-ci ilə qədər-red.) pandemiya və onun səbəb olacağı fəsadların aradan qaldırılılması mümkün olmayacaq.

 

Bundan öncə İranın Koronavirusla Mübarizə üzrə Milli Qərargahının rəsmiləri pandemiyanın ölkədə ən azı yayın sonuna qədər davam edəcəyini proqnozlaşdırmışdılar.

 

Digər tərəfdən, bu günə qədər koronavirusun yayılması səbəbindən İranda işini itirən insanların sayı barəsində dəqiq statistika paylaşılmayıb. Lakin aprelin 3-də Qızıl Aypara Cəmiyyətinin sədri Kərim Himməti rəhbərlik etdiyi qurumun sözügedən infeksiyanın yayılmasından sonra işsiz qalan 2 milyon vətəndaşa kömək etmək barədə planı olduğunu bəyan etmişdi.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar