SON XƏBƏRLƏR

İran polisinin fəhlələrə qarşı repressiyası davam edir: Daha bir nəfər həbs edilib

2021.10.20, 07:36
İran polisinin fəhlələrə qarşı repressiyası davam edir: Daha bir nəfər həbs edilib

Gunaz.tv

GünAz TV: İran polisinin etirazçı fəhlələr qarşı həyata keçirdiyi repressiyalar çərçivəsində “Həft Təpə” şəkər qamışı zavodunun daha bir fəhləsi Şuş polis idarəsi tərəfindən həbs edilib.

 

Zavodun həmkarlar ittifaqının yaydığı məlumata əsasən, bu gün səhər saatlarında polislər Emad Kəsir adlı fəhlənin evinə hücum edib, özünü həbs edib, eləcə də ona məxsus mobil telefon və digər şəxsi əşyaları özləri ilə aparıblar.

 

Məlumatda bildirilir ki, fəhlə evində həbs edildikdən sonra Şuş polis bölməsinə aparılıb. Hazırda onun vəziyyəti, eləcə də işgəncəyə məruz qalıb-qalmaması barədə heç bir məlumat yoxdur.

 

Bundan öncə də dəfələrlə İran polisinin “Həft-Təpə” zavodunun işçilərini tutmaq üçün onların evlərinə hücum çəkməsi barədə xəbərlər yayılıb.

 

Oktyabrın 20-də zavodun bir neçə əməkdaşının vəkili Fərzanə Zeylabi bildirmişdi ki, son günlər ərzində İranın təhlükəsizlik qüvvələri zavodun fəhləsi Məhəmməd Xənifəri həbs etmək üçün onun bacısının evinə vəhşicəsinə hücum ediblər. Eləcə də polislər digər iki fəhlə İbrahim Abbasi və Yusif Bəhmayinin evlərinə də hücum çəkiblər, lakin sonuncular mənzildə olmadığından, onları həbs edə bilməyiblər.

 

Vəkil həmçinin qeyd edib ki, bununla bağlı Şuşun ədliyyə orqanlarına gedib. Lakin orda ona bildiriblər ki, evlərinə hücum çəkilən fəhlələrin heç birinə qarşı yeni cinayət işi açılmayıb və onların tutularaq istintaqa cəlb olunmalarıyla bağlı göstəriş verilməyib. Fərzanə Zeylabi buna görə də, polisin bu cür vəhşiliyinin və bu sifarişi haralardan aldığının qaranlıq olduğunu deyib.

 

Qeyd etmək lazımdır ki, sözügedən zavodun əməkdaşları təqribən 1 ildir ki, gecikmiş əməkhaqlarının verilməməsi, ağır iş və məişət şəraiti, eləcə də yarıtmaz idarəçiliyə görə etiraz aksiyaları keçirirlər. Lakin İran rejimi İsmayıl Bəxşi başda olmaqla, öz haqlarını tələb edən bir neçə fəhləyə qarşı ağır həbs cəzaları çıxarıb.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar