SON XƏBƏRLƏR

İran rejiminin milli hərəkata qarşı təzyiqi yeni vüsət alıb

2021.10.20, 07:36
İran rejiminin milli hərəkata qarşı təzyiqi yeni vüsət alıb

Gunaz.tv

GünAzTv: 2006-cı ilin mayın 22-də "İran" adlanan qəzetdə Azərbaycan türklərinə qarşı təhqir xarakterli karikaturanın dərcinə etirazların ildönümü yaxınlaşdıqca Tehran hakimiyyəti milli haqlarının təmin olunmasını tələbə edən soydaşlarımıza qarşı təzyiqlərini artırır. Artıq Güney Azərbaycanın əsas şəhərlərində təhlükəsizlik tədbirləri gücləndirilib. Aldığımız məlumata görə, mayın 17-də Güney Azərbaycanın Muğan bölgəsində üç milli fəal həbs olunub. Azərbaycan milli kimliyi uğrunda mübarizə aparan Hafiz Sərdarpur, Ramin Cabbari və Nadir Əzizi "Ettelaat"ın Muğan bölgəsindəki yerli idarəsinin əməkdaşları tərəfindən axşam saatlarında öz mənzillərində tutulublar. Məhkəmə hökmü göstərilmədən hər üç fəalın evində axtarış aparılıb, onlara məxsus bir neçə kompüter, CD, kitablar və digər şəxsi əşyalar götürülüb. Hətta axtarış zamanı onların ailə üzvləri təhqir və hədələrə məruz qalıb. Hazırda milli fəalların harada saxlanılması barədə məlumat yoxdur. Bundan əlavə, mayın 12-də Təbrizin "Nisfirah" bölgəsində güneyli tələbə Rza Əbdi tutulub. "Ettelaat" əməkdaşları "Elman" kompüter mağazasına basqın edərək, onunla birgə Əlirza Hüseynzadəni də həbs ediblər. Əlirza Hüseynzadənin həbsi haqqında xəbər yayılsa da, Rza Əbdinin onunla birgə tutulması mayın 14-də ailə üzvləri tərəfindən təsdiqlənib. "Ettelaat" əməkdaşlarının Rza Əbdinin ata evində axtarış apararaq onun şəxsi əşyaları və kitablarının müsadirə etdiyi bildirilir. Eyni zamanda milli fəal Ayət (Yürüş) Mehrəlibəyli telefon vasitəsiylə "Ettelaat"ın Təbrizdəki idarəsində saxlanıldığını bildirib. O, mayın 10-da Sofiyan şəhərindəki öz şəxsi mənzilində tutulmuşdu. Yürüş Mehrəlibəyli mayın 12-də həyat yoldaşıyla telefon əlaqəsi saxlayaraq, təkadamlıq kamerada saxlanıldığını deyib. Sulduz şəhərində isə boyanılmasına baxmayaraq, milli fəallar divarlara milli şüarlar yazmaqda davam edir. Bundan əlavə, şəhərdəki fars şair və yazıçılarının heykəlləri də yandırılıb. Eyni zamanda mayın 22-də Almaniyanın Köln şəhərində may hadisələrinin dördüncü ildönümüylə əlaqədar sərgi təşkil olunacaq. Saat 14:00-dan 16:00-a kimi düzənlənəcək tədbir DUM kilsəsinin qarşısında olacaq. Bundan əlavə, həmin gün Norveçin paytaxtı Oslo şəhərində də sərgi keçiriləcək. Tədbir Azərbaycan Xəzər Yanar Dərnəyinin təşkilatçılığıyla saat 14:00-dan 17:00-a kimi ölkə parlamentinin qarşısında düzənlənəcək. Bu arada bir qrup milli fəal bəyanat yayaraq, soydaşlarımızı fars şovinist rejiminin fitnəsinə uymamağa çağırıb: "Milli Hərəkat çoxsaylı müzakirələrdən sonra Güney Azərbaycan daxilində heç bir aksiyanın keçirilməməsi barədə qərar verib. Çünki rejim tamamilə uçurumun astanasında olduğundan heç kəsə rəhm etmir. Ona görə də biz gücümüzü gələcək aksiyalara saxlamalıyıq. Xaricdə yaşayan insanlarımızın və milli fəalların millətimizin haqq səsini dünyaya çatdırmaları danılmazdır. Biz onlardan may hadisələrinin ildönümü münasibətilə çeşidli proqramlar hazırlamalarını, yaşadıqları ölkələrin hökumət və siyasi partiyalarıyla əlaqələr qurmalarını və nəticə almalarını, Azərbaycanın tarixi abidələrinin qorunmasına yardımçı olmalarını və içəriylə mədəni-iqtisadi əlaqələr qurmalarını rica edirik. Eyni zamanda içəridəki qırmızı rəngi seçən soydaşlarımızla könül birliyi nümayiş etdirmək üçün xaricdəki fəalların da həmin rəngdən istifadə etmələrini və və bununla da öz aralarındakı bir sıra mübahisəli məsələlərə son qoymalarını istəyirik". xalqcəbhəsi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar