SON XƏBƏRLƏR

İran rəsmisi: “Sel qurbanlarının sayı 77 nəfərə çatıb”

2021.10.20, 07:36
İran rəsmisi: “Sel qurbanlarının sayı 77 nəfərə çatıb”

Gunaz.tv

GünazTV: İranın Təcili Tibbi Yardım Mərkəzinin rəisi Pirhüseyn Kolivənd aprelin 9-da jurnalistlərə açıqlamasında üç həftədən çoxdur ölkənin bir çox əyalət və bölgələrində davam edən sel fəlakətindən və onun qurbanlarının getdikcə artmasından danışıb.

 

O bildirib ki, üç həftəlik sel fəlakəti ən azı yarım milyon insanın həyatına ziyan vurub: “Bu günə qədər sel qurbanlarının sayı 77 nəfərə, yaralananların sayı isə 1076 nəfərə çatıb. Yaralılananlardan 30-u hələdə xəstəxanalarda həkim nəzarəti altında saxlanılır. Bundan başqa, seldən ziyan görmüş bəzi bölgələrdə əhali içməli su və qida çatışmazlığı problemi ilə üz-üzə qalıb” –deyə Kolivənd əlavə edib.

 

Həmçinin İran Səhiyyə Nazirliyinin rəsmisi Zəhra Abdullahi mediaya açıqlamasında təbii fəlakətdən zərər çəkmiş bəzi bölgələrin əhalisi arasında qida çatdırılmasından xəbər verib: “Hazırda daşqın və seldən ziyan çəkmiş bəzi bölgələrdə əhali arasında birgünlük, üçgünlük və bir aylıq qida bağlamaları paylanılır. Təəssüflər olsun ki, yerli şəhər icra hakimiyyətlərinin bu böhranı aradan qaldırmaq üçün kifayət qədər münasib təchizatı, lazımi avdanlığı  və texnikası yoxdur. Bu isə sel fəsadlarının aradan qaldırılması işini ləngidir” –deyə Zəhra Abdullahi vurğulayıb.

 

 

Qeyd edək ki, son üç həftə ərzində İranın müxtəlif bölgələrində, o cümlədən də Mazandaran, Türkmənsəhra (Gülüstan),  Şimali Xorasan, Xuzistan, Loristan, Kohkiluye və Boyer Əhməd əyalətlərində, eləcə də Şiraz və digər şəhər və bölgələrdə baş verən daşqın və sel nəticəsində ən azı 77 nəfər həlak olub, 1076 nəfərdən çox insan yaralanaraq xəstəxanalara yerləşdirilib. Təbii fəlakət nəticəsində minlərlə şəhər və kənd evlərinə xeyli ziyan dəyib.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar