İranın Simnan əyalətində sərnişin avtobusunun TIR-la toqquşması nəticəsində ən azı 1 nəfər həlak olub, 6 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Gunaz.tv
Hadisə, bu gün yerli vaxtla səhər saat 05:30 radələrində Damğan-Simnan magistral yolunun 54 kilometrliyində baş verib. Hərəkətdə olan “Scania” markalı sərnişin avtobusu naməlum səbəbə görə qarşıdan gələn TIR-a çırpılıb.
Qəza nəticəsində avtobus sərnişini olan 14 yaşlı bir oğlan yerindəcə keçinib, ən azı 6 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralılar xəstəxanaya yerləşdirilib və onlardan bəzilərinin səhhətinin ağır olduğu bildirilir.
Hadisə barədə mediaya açıqlama verən Simnan yol polisinin rəisi polkovnik Tağı Kəbiri, yol qəzasının sərnişin avtobus sürücüsünün yuxulu vəziyyətdə olması ilə baş verdiyini bildirib.
Qeyd edək ki, hər il İranın müxtəlif şəhər və bölgələrində baş verən çoxsaylı yol qəzalarında ən azı 28 min nəfər həyatını itirir, minlərlə insan isə müxtəlif dərəcəli bədən xəsarəti alırlar.
A.M