SON XƏBƏRLƏR

İran televiziyasında ari irqinin üstün olduğu vurğulandı! - VİDEO

2021.10.20, 07:36
İran televiziyasında ari irqinin üstün olduğu vurğulandı! - VİDEO

Gunaz.tv

GünAz TV: İranda irqçiliyi təbliğ edən televiziya verilişlərinin ardı-arası kəsilmir.

 

Dövlətin 3-cü telekanalında yayımlanan bir müsabiqədə “Arya (ari) irqi, ağların üstün irqi” olduğu bildirilib, bu məsələ qeyri-fars millətlərinə mənsub insanların kəskin etirazına səbəb olub.

 

Dövlət televiziyasında yayımlanan “Cədvəl müsabiqəsi” adlı proqramın aparıcısı telefon vasitəsi ilə qatılan iştirakçıya “ən yaxşı ağ irq hansıdır?” sualını verib. Müsabiqənin iştirakçısı “Arya” cavabını verib və aparıcı bildirib: “Arya! Tamamilə doğru. Tamamilə doğrudur. Arya irqi, ağların üstün irqidir.”

 

https://www.youtube.com/watch?time_continue=4&v=6O7r4LCqLeQ

 

Dövlət televiziyası proqramına edilən etirazlar nəticəsində “aparıcının cəzalandırıldığına” dair xəbərlər yayılıb. Amma müsabiqənin suallarının aparıcı deyil, prodüser tərəfindən hazırlandığı bildirilir.

 

Cədvəl (krossvord) müsabiqəsinin prodüseri Fərhad İbtidai “Mehr” xəbər agentliyinə verdiyi müsahibədə özünə haqq qazandırmağa çalışıb. O bildirib ki, sualları mən hazırlayıram və bu sual ilə heç bir qəsdimiz və hədəfimiz yox idi. Amma xarici media bundan sui-istifadə edib və İranın etnik icmaları arasında ixtilaf salmağa çalışır.

 

Maraqlıdır ki, sualları özü hazırladığını deyən prodüser aparıcının cəzalandırıldığını bildirib: “Aparıcı peşəkar olmalı və uyğun təpki verməyi bacarmalıdır. Biz müsabiqənin aparıcısını cəzalandırmışıq və indilik proqramı o, icra etməyəcək.”

 

İran məktəblərində ölkə əhalisinin mənşəyinin Arya irqindən olduğu və İran sözünün “Aryaların yurdu” anlamına gəldiyi təbliğ edilir.

 

Qeyd edək ki, irqçiliyə dəlalət edən faktlara İranın kütləvi informasiya vasitələri ilə yanaşı təhsil ocaqları (dərsliklər), idman stadionları, ictimai və dini məkanlar, hərbi bölmələr və s. kimi məkanlarda da vaxtaşırı rast gəlinir. 2006-cı il may ayında “İran” qəzetində yayımlanan təhqiramiz karikatur və 2015-ci ildə məlum “Fitilə” televiziya verilişinin yayımlanması Güney Azərbaycanın bütün şəhərlərində kütləvi etiraz aksiyalarına səbəb olmuşdur. Bu nümayişlər irqçiliyə qarşı yürüş kimi yadda qalıb. 2006-ci ilin may ayında keçirilən aksiyalar zamanı təkcə Sulduz şəhərində 4 nəfər təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində şəhid oldu. Oxşar hadisə Azərbaycanın digər  şəhərlərində də baş verdi və çox sayda soydaşımız təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirildi. Aksiyalar zamanı yüzlərlə azərbaycanlı saxlanıldı, onlar təcridxanalarda işgəncə edildikdən sonra məhkəmə qarşısına çıxarıldı və ağır həbs cəzası ilə üzləşdilər.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar