Yanvarın 18-də qar uçqunu nəticəsində itkin düşən 5 nəfərin axtarışı Türkiyə sərhədçiləri tərəfindən aparılır.
Gunaz.tv
Qərbi Azərbaycan əyalətinin “Sumay-i Bravdust” bölgəsinin “Koran” kəndində, Türkiyə-İran sərhəddində baş verən qar uçqunu nəticəsində 5 İran vətəndaşı itkin düşüb.
Yanvarın 18-də baş verən hadisənin üstündən bir neçə gün keçməsinə baxmayaraq İran tərəfi axtarış-xilasetmə əməliyyatlarının aparılması üçün heç bir addım atmayıb.
Hadisənin Türkiyə sərhədinin bir kilometr dərinliyində baş verdiyini söyləyən İran rəsmiləri məsuliyyəti Türkiyə tərəfinin üzərinə atıblar.
Türkiyə sərhədçiləri tərəfindən aparılan ardıcıl axtarışlar isə bu günə kimi nəticə verməyib.
Bu gün, yanvar ayının 23-ü, "Mehr" xəbər agentliyini verdiyi məlumata görə, “Sumay-i Bravdust” bölgəsinin icra nümayəndəsi Səid Həqiqi uçqun nəticəsində itkin düşənlərin kimliyinin təyin edilmədiyini deyib.
Qeyri-rəsmi məlumatlara görə , qar uçqunu altında qalanların cəsədi türkiyə sərhədçiləri tərəfindən tapılıb.
Məsələ ilə bağlı iranlı rəsmilərin açıqlamaları ziddiyyətlidir. Urmu “Qızıl Aypara” təşkilatının “Axtarış və Xilasetmə” şöbəsinin rəis müavini Səid Fərzanə “əyalət ərazisində uğqun hadisəsinin qeydə alınmadığını, belə hal baş versəydi dərhal tədbir görəcəklərini” bildirib.
Urmu fərmandarlığının bu gün, yanvar ayının 23-də yaydığı bəyanatda da, hadisənin İran ərazisində baş vermədiyini, itkin düşənlərin axtarışı ilə bağlı Türkiyə tərəfinə müraciət edildiyi qeyd olunub.
Fərmandarlığın bəyanatında “itkin düşənlərin ailələrinin nümayəndələrinin hadisə yerinə getmələri üçün lazimi addımlar atılıb” deyilir. Başqa rəsmi idarənin açıqlamasında isə itkin düşənlərin kimliyinin bilinmədiyi bildirilir.
Qeyri-rəsmi məlumatlara görə, itkin düşənlər iki ölkə arasında qanunsuz alver və qaçaqmalçılıqla məşqul olan şəxslər olublar.
Eyni halda bu bölgədən kürd qruplaşmaları Türkiyə Cumhuriyyəti vasitəsi ilə Avropaya qanunsuz yollarla mühacirlərin ötürülməsini təşkil edirlər.
Bildirmək lazimdir ki, Güney Azərəbaycanın Qərbi Azərbaycan bölgəsi, o cümlədən xəbərdə qeyd olunan bölgə, İran vətəndaşları ilə yanaşı Əfqanistan, Pakistan vətəndaşlarının Türkiyə üzərindən Avropaya qaçaq körpü rolunu oynayır.
Bu "sahə", insanların ölkədən qaçaq yollarla Türkiyə Cümhuriyyətinə keçirilməsi daha çox "ETTELAAT" və "İran İnqilab Keşikçiləri Korpusu"nun nəzarətində olan kürd mafiyalarının əlindədir.
Dəfələrlə nəzarətdən qıraq insan qaçaqçılarının və qaçqınların İran-Türkiyə sərhəddində güllələnməsi halları baş verib.
C.E