SON XƏBƏRLƏR

İran və BƏƏ Sahil Mühafizə Dəstələrinin rəhbərləri Tehranda görüşüblər

2021.10.20, 07:36
İran və BƏƏ Sahil Mühafizə Dəstələrinin rəhbərləri Tehranda görüşüblər

Gunaz.tv

GünAz TV: İran və Birləşmiş Ərəb Əmirliklərinin Dövlət Sərhəd Xidməti və Sahil Mühafizə Dəstələrinin rəsmiləri körfəzdə dəniz təhlükəsizliyi mövzusunda Tehranda  görüş keçiriblər.

 

Yerli media orqanlarının verdiyi məlumata əsasən, iyulun 30-u BƏƏ Sahil Mühafizə Dəstəsinin 7 yüksək rütbəli rəsmisi körfəzdə təhlükəsizlik məsələlərini müzakirə etmək üçün İrana gəlib. Səfər çərçivəsində BƏƏ-nin Sahil Mühafizə Dəstəsinin komandanı Məhəmmədəli Misbah Əl-Əhbabi İran Dövlət Sərhəd Xidmətinin rəisi Qasım Rzayi ilə təkbətək görüş də keçirib.

 

Görüşlər zamanı körfəzdə gəmilərin təhlükəsiz hərəkəti, qaçaqmalçılıqla mübarizə və digər bu kimi məsələlər müzakirə edilib.

 

Xatırladaq ki, İran may ayında BƏƏ yaxınlığında yerləşən “Əl-Füceyrə” limanında 4 ticari gəmiyə qarşı hücum həyata keçirmişdi. Nəticədə ölən olmasa da, gəmilərə ciddi zərər dəymişdi.

 

İranın husilər və regionda fəaliyyət göstərən digər terror təşkilatlarına dəstək verməsinə görə, rəsmi Əbu-Dabi 2016-cı ildən Tehranla münasibətlərini soyudub. ABŞ-ın İranın neft sektoruna qarşı sanksiyalar tətbiq etməsindən sonra BƏƏ Səudiyyə Ərəbistanı ilə birlikdə dünya bazarının İran qara qızılına olan təlabatını kompensasiya etmək iqtidarında olduğunu bəyan edirdi.

 

Bundan başqa, Ərəb Əmirliyi Yəməndə İranın dəstəklədiyi husilərlə S.Ərəbistanının başçılığıyla mübarizə aparan koalisiyanın üzvüdür. Lakin bir çox media orqanlarında yayılan məlumatlara əsasən, Əbu-Dabi iyulun 28-də öz hərbi qüvvələrinin böyük hissəsini Yəməndən çıxamaq barədə qərar qəbul edib.

 

“Reuters” agentliyi BƏƏ rəsmilərindən birinə istinadən bu görüşün körfəzdə baş verən son hadisələr və gərginliklərlə bağlı olmadığını, iki ölkə rəsmilərinin arada öz sərhədlərinin və dənizdə təhlükəsizlik məsələlərini müzakirə etmək üçün görüşdüklərini deyib. Belə ki, 2012-ci ildən bu yana tərəflər arasında 6 belə görüş baş tutub.

 

Nə İran tərəfi, nə də BƏƏ görüşdə müzakirə edilmiş məsələlərin detallarıyla bağlı açıqlama verməyib.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar