SON XƏBƏRLƏR

İran Yazıçılar Birliyi: “Ana dilində təhsil almaq, hər bir insanın təbii haqqıdır”

2021.10.20, 07:36
İran Yazıçılar Birliyi: “Ana dilində təhsil almaq, hər bir insanın təbii haqqıdır”

Gunaz.tv

GünazTV: İran Yazıçılar Birliyi 21 fevral Beynəlxalq Ana Dili Günü münasibətilə bəyanat yayaraq, ana dillərinin qorunub saxlanılmasının əhəmiyyətini vurğulayıb.

 

“Beynəlxalq Ana Dili Günü mübarək olsun” başlıqlı bəyanatda bildirilir ki, dil müxtəlifliyi nəinki insanlar arasında nifaq salmır, əksinə onların bir-biri ilə həmrəy olmasına yardım edir: “Biz, İran Yazıçılar Birliyi olaraq, hesab edirik ki, dünyada hər bir dilə qadağa qoyulması, insanlar arasında dialoqa aparan yolun bağlanması deməkdir. Hamımız bilməliyik ki, heç bir dil ümumi dilə (rəsmi dilə) mane sayılmadığı kimi, ümumi dil də digər dillərə maneə yaratmamalıdır. Bu dillər bir-birinin zənginləşməsinə yardım edə bilərlər. Düşünürük ki, hər bir dil yaradıcıdır və  heç bir dil lazımsız deyil. Təəssüflər olsun ki, bir dildən digər dillərə qarşı çomaq kimi istifadə edən hakimiyyətlərdir və onların bu sahədə yürütdüyü yönümlü siyasətidir.

 

Əgər biz ömrünün ilk mərhələsində olan bir uşağı dünyaya və həyata başqa bir pəncərədən baxmağa məcbur etsək, demək olar ki, bir növ ona özünün təhqir olunması yolunu öyrətmiş oluruq. Bu isə yüzlər və ya min illər boyu birgə yaşamış insanların bir-birindən ayrılmasına səbəb olan əsas amillərdən biridir. Ana dilində təhsil almaq hər bir insanın təbii haqqıdır. Bu haqqın verilməməsinin ən sadə nəticəsi isə, təhsil səviyyəsinin aşağı düşməsi və uşaqların savad və mədəniyyətdən uzaq qalmasıdır. Halbuki uşaqlara təhsilin ana dilində verilməsinin cəmiyyətin psixi sağlamlığının qorunub saxlanılmasında və onun inkişafındakı rolu böyükdür.

 

Elə buna görə də, hesab edirik ki, biz digər dillərin varlığından qorxmaq əvəzinə, onları qoruyub saxlamalı, onların çiçəklənib inkişaf etməsinə yardım etməliyik”.

 

 

P.S.  İranda istər keçmiş şah hakimiyyəti dövründə, istərsə də ruhanilərin hakimiyyətdə olduğu son 40 ildə İran Yazıçılar Birliyinin rəsmi fəaliyyətinə qadağa qoyulub. İran İslam Respublikasının bərqərar olunmasından bu günə kimi qeyri-rəsmi şəkildə fəaliyyət göstərən həmin quruma üzv olan onlarla yazıçı müxtəlif yollarla İran təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilib və ya həbs edilərək işgəncələrə məruz qalıb. Bu illər ərzində İran Yazıçılar Birliyinin onlarla üzvü ölkəni tərk edərək xarici ölkələrə qaçmağa məcbur olub.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar