SON XƏBƏRLƏR

İranda bəhai müəllimə 4 il həbsdə saxlandıqdan sonra azadlığa buraxılıb -FOTOLAR

2021.10.20, 07:36
İranda bəhai müəllimə 4 il həbsdə saxlandıqdan sonra azadlığa buraxılıb -FOTOLAR

Gunaz.tv

GünAzTV: İranda bəhai dininə mənsub olduğuna görə dörd il əvvəl həbs edilən gənc müəllimə, Nəsim Baqiri azadlığa buraxılıb. Bu barədə, İrandakı hüquq müdafiəçiləri məlumat yayıb.

 

Bəhailərin Virtual Universitetinin müəllimlələrindən olan xanım Nəsim Baqiri, dövlət universitetlərində təhsildən məhrum edilən bəhai gənclərə dərs keçdiyi üçün əvvəllər bir neçə dəfə həbs edilsə də, sonradan mülki vəsiqə girovu qarşılığında müvəqqəti olaraq azadlığa buraxılmışdı.

 

İran təhlükəsizlik qüvvələrinin bütün təhdid və təzyiqlərinə baxmayaraq Bəhailərin Virtual Universiteti ilə əməkdaşlığını davam etdirən Nəsim Baqiri, 2012-ci ilin oktyabr ayında (1392-ci il, mehrin 16-da) Tehran inqilab məhkəməsinə çağırılaraq qanunsuz virtual universitetdə fəaliyyət göstərməkdə, sistemə qarşı təbliğatda və ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda günahlandırılaraq 4 il həbsə məhkum edilib.

 

Az sonra, barəsində çıxarılan hökmü çəkmək üçün həbs edilən Nəsim Baqiri, Tehranın Evin zindanına köçürülüb. Onun həbsdə saxlandığı müddətdə müxtəlif təzyiq və təhdidlərə məruz qaldığı bildirilir. Həbs müddətini başa vuran müəllimə, martın 29-da azadlığa buraxılıb.

 

 

Qeyd edək ki, rəsmi statistikaya görə, hazırda İranda 350 mindən çox bəhai yaşayır. İran İslam Respublikası konstitusiyası bəhai dinini müstəqil bir din kimi tanımır. Elə buna görə də, son 40 ildə ölkədə bəhailərin sərbəst təhsil almasına və onların dövlət idarələrində işə götürülməsinə qadağa qoyulub, digər hüquqları məhdudlaşdırılıb. İrandakı ruhanilərin təhriki ilə “Hizbullah”çı dəstələr, vaxtaşırı bəhailərin iş yerlərinə hücum edir, mağazalarını bağlatdırır və ya yandırır, qəbiristanlıqlarını dağıdırlar. 1979-cu ildə İranda üzdəniraq islam hakimiyyəti qurulandan bu günə kimi, ölkədə yüzlərlə bəhai edam edilib.

 

 

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar