SON XƏBƏRLƏR

İranda daha 2 qadın məcburi hicaba etiraz əlaməti olaraq baş örtüklərini açıblar - VİDEO

2021.10.20, 07:36
İranda daha 2 qadın məcburi hicaba etiraz əlaməti olaraq baş örtüklərini açıblar - VİDEO

Gunaz.tv

GünAzTV: İranda mürtəce axundların məcburi hicab siyasətinə qarşı etiraz əlaməti olaraq daha 2 qadın baş örtüklərini açıblar.

 

Adları mediaya bəlli olmayan qadınlardan biri, aprelin 23-də Tehranda keçirilən “36-cı Beynəlxalq Fəcr Film Festivalı”nda mərasimlə bağlı divara yapışdırılmış bir posterin yanında dayanaraq, molla rejiminin məcburi hicabla bağlı ölkə qadınlarına qarşı təzyiq və zorakılığına etiraz əlaməti olaraq baş örtüyünü açaraq əlində yelləməyə başlayıb.

 

Həmin gün, analoji hal, Tehran parklarının birində baş verib. Belə ki, gənc bir xanım baş örtüyünü açaraq hicabın zorla qadınlara qəbul etdirilməsinə etirazını bildirib. Bu xanım, baş örtüyünü açdığına görə bir neçə “Hizbullah”çı və “Bəsici”nin etirazı ilə qarşılansa da, bunun onlara aidiyyəti olmadığını deyərək müqavimət göstərib. Gənc qadının müqavimətini görən “Hizbullah”çı muzdlular geri çəkilərək hadisə yerindən uzaqlaşmağa başlayıblar. Başını açan xanım isə, kənarda durub səhnəni izləyən kişiləri tənqid edərək, onları bu kimi hallarda sakit qalmamağa və qadınlara dəstək verməyə çağırıb.

 

Hər iki qadının sonrakı taleyi, onların tutulub-tutulmadığı barədə hər hansı bir məlumat yayılmayıb.

 

 Xatırladaq ki, qadınların məcburi hicaba qarşı dinc etirazına təxminən dörd ay əvvəl (deyin 6-da) start verilib. Vida Müvəhhid adlı 31 yaşlı bir qadın, Tehranın İnqilab küçəsində baş örtüyünü açaraq hakimiyyətin qadınlara zorla qəbul etdirdiyi hicaba öz etirazını bildirib. O, göstərdiyi bu şücaətinə görə sosial şəbəkələrdə “İnqilab küçəsinin qızı” adı ilə məşhurlaşıb.

 

Son aylar,  İranın müxtəlif şəhərlərində onlarla qadın “Məcburi hicaba yox” kampaniyasına qatılaraq, küçədə baş örüklərini açaraq hakimiyyətin məcburi hicab siyasətinə dinc etirazlarını bildiriblər. Bununla bağlı paytaxt Tehranda və digər şəhərlərdə onlarla qadın həbs edilib.

 

VİDEO:

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar